O, təhsilini 10-cu sinifdə yarımçıq dayandırıb - AÇIQLAMA
Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov “Qafqazinfo”ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F,Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb: “Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər.
O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə də arasında münaqişə yaranıb. Mübahisə zamanı kənar şəxs Raul Rəhimova bıçaq xəsarəti yetirib”.
İdarə rəsmisi bildirib ki, F.Şabanov 10-cu sinifdə təhsilini yarımçıq dayandırıb: “O, valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib”.