Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasinda nələr baş verir? - ŞİKAYƏT+AÇIQLAMA
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ilə bağlı AFN.az-a şikayət daxil olub.
Adının çəkilməsini istəməyən mənbə bildirir ki, Fərid Eyvazov müəssisəyə direktor təyin olunandan sonra burada problemlər yaşanmağa başlayıb: "Klinikanın nüfuzu ondan sonra öldü. Burada insanlar qeyri-qanuni səkildə işdən cixarılmağa başladı, yeni rəhbərlik professor-müəllim heyətini təhqir edir, rektoru saymır. Ona deyəndə ki, rektora əməlləri haqda məlumat veriləcək, deyir ki, məni bura səhiyyə nazirinin müavini İlqar Qasımov təyin etdirib, heç kim heç nə edə bilməz".
Mənbə iddia edir ki, klinikada Fərid Eyvazova xidmət edən ayrıca lift var: "Heç kim bu liftdən istifadə edə bilməz. Onu da bildirək ki, son günlərdə Fərid Eyvazov heç kimi qəbul edib, problemini dinləmir. Fərid Eyvazovun qardaşı Kamil Eyvazov da Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub".
Tədris Terapevtik Klinikanın direktoru Fərid Eyvazov qeyd edilənlərin əsassız olduğunu bildirdi: "Klinikamızın fəaliyyəti normal surətdə davam edir. Şikayətçi kimdirsə, yaxınlaşsın, şəxsən qəbul edim, dinləyim, narahatlıq verən məqamların aradan qaldırılmasına nail olaq".
Qeyd edək ki, F.Eyvazov Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə ötən ilin aprelində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. Buna qədər isə o, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyib.