Həkim qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitəni açıqladı
“İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəllibova qurumun saytına verdiyi müsahibədə deyib.
Müsahibəni təqdim edirik:
- Nigar xanım, öncə qızılca xəstəliyi haqqında ümumi məlumat verərdiniz...
- Qızılca - kəskin infeksion virusmənşəli xəstəlik olub, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnməsi və ləkəli-papulyoz səpgilərlə səciyyələnir. Bu xəstəliyə yalnız insanlarda rast gəlinir.
Qızılca istənilən yaşda müşahidə edilir. Lakin bir yaşdan dörd-beş yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir, altı aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. Üç aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir.
- Yoluxma necə baş verir və hansı əlamətlərlə təzahür edir?
- İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər.
Qızılcanın klinik mənzərəsində üç dövr ayırd edilir: kataral və ya başlanğıc (prodromal), səpgilər və piqmentasiya.
Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39 dərəcəyə qədər artması, yuxarı tənəffüs yollarının və konyuktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən xəstəliyin başlanğıcında inaq (krup) sindromu inkişaf edir. İşıqdan qorxma, konyuktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur.
Səpgi dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli-papulyoz səpgi ilə səciyyələnir. İlk səpgi elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpgi tezliklə üzdə, boyunda yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəsində əmələ gəlir.
Sonrakı günlərdə yuxarı və aşağı ətraflarda qeyd olunur.
- Qızılca xəstəliyində hansı ağırlaşmalar mümkündür?
- Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının iltihabı ilə (bronxit, pnevmoniya), orta qulağın iltihabı (otit), baş beyin və onurğa beyin qişasının iltihabı ilə (meningit, ensefalit, meninqoensefalit) təzahür edir.
- Qızılca zamanı hansı əks-epidemik tədbirlər görülməlidir?
- Əvvəlcə qızılca ilə yoluxan şəxslər səpgi göründükdən sonra beş günə qədər təcrid olunurlar. Ağırlaşmalar olarsa, təcridedilmə 10 günə qədər uzanır. Xəstə ilə təmasda olan şəxslərə, xəstəliyə yoluxmamış uşaqlara qamma-qlobulin vurulur (passiv immunizasiya).
Adətən, ocaqda dezinfeksiya tədbirləri aparılmır. Mütəmadi olaraq gündəlik təmizləmə işləri aparılır və otaq havalandırılır.
Qızılcanın profilaktikası kompleks tədbirlərin aparılmasından ibarətdir. Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısının alınmasında mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır.
Xəstə müəyyən edilən infeksiya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməlidirlər. Xəstə ilə təmasda olan peyvənd olunmayan uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan sonra 72 saat ərzində peyvənd olunmaları tövsiyə edilir.
- Qızılcanın diaqnozu necə təsdiqlənir?
- Digər infeksiyalarda olduğu kimi, qızılca xəstəliyinin də diaqnozu laboratoriya müayinələrinin aparılması nəticəsində təsdiqlənir. Xəstəliyin törədicisi virus olduğu üçün onun diaqnostikası virusun spesifik zülal tərkibli hissəsinin, yəni antigenin aşkarlanması ilə (seroloji üsul) və ya polimeraz zəncirvari reaksiya vasitəsilə virusun genetik materialının aşkarlanması ilə aparılır.
Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən gətirilən qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə üçkomponentli vaksindən istifadə olunur.