Sığınacaq sakinlərinə şikayət etmək qaydası da öyrədilir - FOTOLAR
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri qurbanları üçün sığınacaqlarının potensialının artırılması” layihəsi çərçivəsində təlimləri davam etdirir. Layihənin icra müddəti 3 ay, əsas tərəfdaşı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsidir.
Layihənin icra yeri “Təmiz Dünya” QYİB-nin nəzdində fəaliyyət göstərən genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqdır.
Layihə müraciətində əsas hüquqi istinad 2020 – 2024- cü illər üzrə Milli Fəaliyyət Planındakı 4.4.-cü, yəni insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi bəndinin 4.4.4 və 4.4.6 yarımbəndlərində, qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılmasıdır.
Layihə üzrə nəzərdə tutulan fəaliyyət çərçivəsində layihə ilə bağlı ictimaiyyətin və tərəfdaş dövlət qurumunun (DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin) məlumatlandırılması icra planına uyğun olaraq həyata keçirilib.
Hazırda sığınacaqda məskunlaşmış, 30 nəfər potensial, ehtimal edilən, insan alveri qurbanı olan qadın və uşaqlar arasında təlimlər davam edir. Həftənin hər şənbə və bazar günləri müxtəlif mövzularda təlimlər keçirilir. Sakinlər üçün üçüncü və dördüncü təlimlərin mövzusu şikayət etmə prosedurları, iş görüşməsi və digər hallarda emosiyaların idarə edilməsi olub.
O cümlədən layihə müddətində, yəni 3 ay ərzində potensial, ehtimal edilən və insan alveri qurbanlarının aşkarlanması, xidmətə cəlb edilməsi, aşkarlanan ehtimal edilən qurbanların DİN-in İAQMBİ istiqamətləndirilməsi də paralel aparılır. Sığınacaq xidmətlərindən bəhrələnmiş şəxslərə inteqrasiya prosesinə dəstəyin göstərilməsi də xidmət paketinə daxildir.