Mina terrorunda şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edilib
Sentyabrın 24-də "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib.
AFN.az xəbər verir ki, mərhum İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.