Filippində vulkandan çıxan tüstü şəhəri bürüyüb

Filippinin Luzon adasındakı Taal vulkanının yaydığı tüstü şəhərin səmasını bürüyüb. Havanın keyfiyyətinin aşağı düşməsi ilə əlaqədar məktəblərdə tədris dayandırılıb.
Filippinin Luzon adasındakı paytaxt Manilanın yaxınlığında yerləşən Taal vulkanı tüstü püskürməyə başlayıb. Ətraf şəhərlərdə səmanı tüstü bürüdüyündən havanın keyfiyyəti və görmə qabiliyyəti azalıb.
Cavite, Laquna, Batanqas və Manilada şəhər və qəsəbələrdə təhsil dayandırılıb və vulkanın ətrafındakı ərazilərdə yaşayan insanlar evlərini tərk etməməyə çağırılıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu vulkandakı aktivliyə görə vulkanik qazların yayıldığı barədə xəbərdarlıq edərək 1-ci səviyyə xəbərdarlığına keçib.
Ölkənin aviasiya idarəsi baş verə biləcək qəfil partlayışlar səbəbindən pilotları vulkanın yaxınlığında uçmaqdan çəkinməyə çağırıb.
2020-ci ilin yanvar ayında ölkənin ən aktiv vulkanlarından biri olan Taal vulkanının 15 kilometr yüksəkliyə kül və tüstü saçması səbəbindən 100 mindən çox insan təxliyə edilib.