Rodosda yanğın - Dünən gecə 19 min adam təxliyə edilib


Rodos adasında 6 gün əvvəl başlayan meşə yanğını nəzarətsiz şəkildə yayılmağa davam edərkən, səlahiyyətlilər yeni yaşayış məntəqələrinin boşaldılması əmrini verib. Ötən gecə adada 19 min insanın təxliyə edildiyi açıqlanıb.


Yunanıstan İqlim Nazirliyindən verilən açıqlamada, təxliyə əməliyyatının ölkədə indiyə qədər həyata keçirilən ən böyük evakuasiya əməliyyatı olduğu bildirilib. Açıqlamada 16 min nəfərin qurudan, 3 min nəfərin isə dənizdən təxliyyə edildiyi bildirilib və can itkisinin olmadığı açıqlanıb.

Yunanıstan mətbuatında əksini tapan xəbərə görə, söndürmə işlərinin fasiləsiz davam etdiyi adada Lindos, Pefkus, Kalatho, Masari, Malona və Haraki bölgələrində vətəndaşların təxliyəsi tələb edilib.

Üç aktiv nöqtədə cəmləşən yanğının söndürülməsində 266 yanğınsöndürən, 42 texnika, 5 helikopter və 10 təyyarə çalışır.



Rodosdakı yanğının ölkədəki aktiv yanğınlar arasında ən təhlükəlisi olduğuna diqqət çəkən səlahiyyətlilər, gün ərzində adaya 15 avtomobil və daha 60 yanğınsöndürən gələcəyini açıqlayıb.

Yunanıstan yanğınsöndürmə briqadasının sözçüsü Yannis Artopios verdiyi açıqlamada yanğının insan tərəfindən törədildiyini bildirib.

Yanğının qəsdən, səhlənkarlıqdan və ya qəza nəticəsində baş verdiyinin araşdırıldığını bildirən Artopios, ifadə vermək üçün çoxlu adamın çağırıldığını qeyd edib.

Yunan mətbuatında təxliyə edilənlərin gecəni idman salonlarında, məktəblərdə və konfrans mərkəzlərində keçirdikləri, panikaya düşən çox sayda turistin Rodos hava limanına gedərək adanı tərk etməyə çalışdığı bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu