Berluskoni xəstəxanadan buraxılıb
İtaliyanın keçmiş baş naziri, “İtaliya İrəli” partiyasının lideri Silvio Berluskoni aprelin 5-də xəstəxanaya yerləşdirildiyi Milanda San Raffaele xəstəxanasından evə buraxılıb.
AFN.az xəbər verir ki, bu barədə Rainews24 xəbər kanalı məlumat yayıb. Bir neçə avtomobildən ibarət kortej jurnalistlərin bir neçə saatdır gözlədiyi klinikanın ərazisindən çıxıb. Nə Berluskoni, nə də ona yaxın adamlar heç bir açıqlama verməyiblər.
Xəstəxanaya yerləşdirildikdən sonra İtaliya mətbuatı 86 yaşlı siyasətçinin nəfəs almasında və ya başqa versiyaya görə, ürək-damar sistemində problem olduğunu bildirib. Lakin sonradan Berluskonini müalicə edən həkimləri ilk dəfə olaraq xəstəxanaya yerləşdirmənin səbəbinin xroniki leykemiya fonunda inkişaf edən ağciyər infeksiyası olduğunu bildirdilər.
Siyasətçinin kimyaterapiyaya başladığı deyilirdi. Aprelin 17-də məlum olub ki, Berluskoninin vəziyyətinin stabilləşməsi onu reanimasiyadan adi xəstəxana palatasına köçürməyə imkan verib.Tibbi mənbələrə görə, Berluskoninin iki həftə əvvəl buraxılmalı idi, lakin bu məlumat təsdiqini tapmadı.