Makrona qarşı "Boş tava marşı"!
Prezident Emmanuel Makronun televiziya ilə çıxışından sonra bir sıra Fransa şəhərlərində yenidən etiraz aksiyaları başlayıb.
AFN.az "Le Figaro"ya istinadən xəbər verir yazır ki, siyasətçi pensiya islahatının tələsik qəbul edilməsi fonunda sakinlərə müraciət edib. Onun çıxışı təxminən 2 min fransızı yenidən küçələrə çıxmağa sövq edib. "Boş tavaların marşı" adını verdikləri etiraz aksiyası zamanı nümayişçilər qazan və qaşıqları döyərək, Makronun izahatlarını boykot etdiklərini bildiriblər.
Aksiyalar Paris, Leon, Strasburq, Tuluza, Nant, Renn və Bordoda keçirilib.
Xatırladaq ki, aprelin 17-də Makron ölkə xalqına televiziya ilə müraciəti zamanı hakimiyyətin "Fransız xalqının rifahına" yönələcək üç əsas fəaliyyət istiqamətini açıqlayıb. Prezident bununla da vətəndaşlara "zəruri" pensiya islahatının aparılmasının vacibliyini izah etməyə çalışıb. Siyasətçi vurğulayıb ki, o, "fransızların qəzəbini eşidir" və Yelisey sarayı həmkarlar ittifaqları və hakimiyyətlə dialoqa açıqdır.
Aprelin 15-də Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanunu imzalayıb, sənəd dərc edilib və qüvvəyə minib. Prezident bildirib ki, pensiya islahatları haqqında qanun bu ilin payızında qüvvəyə minəcək.