Qurban Yetirmişli: "Bəziləri maqnituda ilə balı qarışdırırlar"
"Bəziləri maqnituda ilə balı qarışdırırlar".
"Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.
Hər iki terminlə bağlı fikirlərini davam etdirən baş direktor deyib ki, bal zəlzələnin yer üzərində törətdiyi fəsadları ölçmək üçün istifadə olunur.
Onun sözlərinə görə, maqnituda isə yerin daxilindəki ocağın enerjisinin gücüdür: "Bu da 1-dən 9-a qədər olan kəmiyyət göstəricisidir".
Azərbaycan ərazisində 84 seysmik stansiyanın olduğunu xatırladan Q.Yetirmişli söyləyib ki, həmin stansiyalar Amerika istehsalı olan avandanlıqlarla təchiz olunub.
RSXM-nin baş direktoru əvvəllər Azərbaycanda baş verən güclü yeraltı təkanlardan da söz açıb. O xatırladıb ki, 2012-ci il mayın 7-də Zaqatalada iki güclü - 5,6 və 5,7 maqnitudalı zəlzələ çoxlu dağıntı və fəsadlar əmələ gətirmişdi:
"Təkcə 2014-cü ildə Azərbaycan ərazisində 8000-dən çox yeraltı təkanlar qeydə alınıb, həmin müddətdə ümumilikdə 25 təkan hiss olunub. Güclü zəlzələ ocaqları məhz Xəzər dənizində yerləşir. Dənizdə baş verən zəlzələlər quru ərazilərdə olanlardan daha dərin ərazilərdə baş verir".