Gürcüstanda ümummüxalifət aksiyası keçiriləcək
Gürcüstanın bir sıra müxalifət partiyalarının nümayəndələri bəyanat yayaraq, əhalini fevralın 24-də Rustaveli prospektində keçiriləcək mitinqə qoşulmağa çağırıb.
“İnsanlar bir araya gəlməlidirlər ki, onların Avropa İttifaqı və NATO ilə güclü və vahid Gürcüstan qurmaq üçün sarsılmaz iradəsinin heç vaxt yenidən nəzərdən keçirilməyəcəyini hamı başa düşsün” - AFN.az xəbər verir ki, “Aqmaşenebeli” (Qurucu) Strategiya Partiyasının lideri Giorgi Vaşadze belə bəyan edib.
“Bu gün biz hamımız bir yerdəyik və bizi bir şey birləşdirir - Avropa və Qərb sivilizasiyası ilə birlikdə güclü Gürcüstan ideyası. Bizi son onilliklərdə Gürcüstan əhalisinin əksəriyyətinin seçimi birləşdirir. Bu gün seçimi şübhə altına almaq, onun mənasına yenidən baxmaq istəyənlər təəssüf ki, bu gün Gürcüstanda hakimiyyətdədir”-deyə Vaşadze bildirib.
Onun sözlərinə görə, ölkə hakimiyyəti konstitusiya çərçivəsindən kənara çıxıb və gürcü xalqının iradəsinə xəyanət edir.
“Bizə deyirlər ki, sivil dünya ilə birlikdə güclü Gürcüstan qurmaqdansa, Rusiya ilə birlikdə olmaq daha yaxşıdır. Biz bunu qəbul edə bilmərik. Hansı dezinformasiya kampaniyası aparsalar, bu, bizim xeyrimizə olmayacaq və işləyə bilməyəcək. Ona görə də biz təklif edirik ki, fevralın 24-də bütün Gürcüstan Rustaveli prospektinə toplaşsın. Gəlin bir-birimizə deyək ki, heç bir dezinformasiya bizim əleyhimizə işləmir və Avropa və Avro-Atlantika Alyansı ilə güclü, vahid Gürcüstan qurmaq üçün sarsılmaz iradəmiz heç vaxt yenidən nəzərdən keçirilməyəcək”-müxalifət lideri əlavə edib.
M.Vahidli