"Dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm?"- İqtisadçı Samir Əliyev
İqtisadçı Samir Əliyev atasının vəfatından sonra ölüm haqqında şəhadətnamə ala bilmədiyini bildirir.
AFN.az xəbər verir ki, bu barədə o, öz feysbuk hesabında paylaşım edib. Ekspert bildirib ki, Xırdalan Ailə Sağlamlıq Mərkəzi tərəfindən atasının ölümünə dair müvafiq sənəd verilmədiyi üçün ölüm haqqında şəhadətnamə ala bilmir:
“Atamın ölüm kağızını almaq üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Ailə həkimi dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, xəstəliyi barədə məlumatsızam. Ona izah etdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda - Kardiologiya, "Respublikanskiy" xəstəxanalarında müalicə olunub və orda qeydiyyatda olub. Hətta koronavirusa yoluxanda mərkəzdə qeydiyyatda olub və sizdən pulsuz dərman da götürmüşük. Dediklərimin faydası olmadı. Dedi ki, məhkəməyə müraciət etməlisiniz. Görüşdüyüm vəkil dedi ki, polikinikadan imtina kağızı almalıyam, sonra onun əsasında "pasportstol"dan imtina kağızı almalıyam. Bütün bu işlər üçün 200 manata yaxın xərc çıxacaq. İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, Xırdalan xəstəxanasına müraciət edib ordan imtina kağızını almalıyam. TƏBİB-ə zəng vurdum. Onlar da məhkəməyə müraciət etməli olduğumu bildirdilər.
İndi mən dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, təcili tibbi yardım maşını da faktı qeydə alıb. Niyə məhkəməyə üz tutmalıyam? Mən niyə atamın ölməyini sübut etməliyəm? Bu daha çox dövlətə lazımdır. Əgər mən ölməyini təsdiq edə bilmirəmsə deməli, o hələ sağdır və hər ay pensiya almaq hüququ qalır”.