İran zabiti Con Boltonu öldürmək istəyib


“The Washington Post” qəzeti İran hökumətinin bütün dünyada hökumət rəsmilərini, fəalları və jurnalistləri oğurlamaq və öldürmək səylərini necə gücləndirdiyi barədə geniş məqalə dərc edib.


AFN.az xəbər verir ki, nəşr materialı Vaşinqton, Avropa və Yaxın Şərqdəki 15 məmurla anonmiliyi saxlamaq şərti ilə danışaraq hazırlayıb. “İranın qətl və adam oğurluğu planlarının artması Qərb rəsmilərini təşvişə salıb”-deyə qəzet yazır.
Məqalədə xüsusilə qeyd olunur ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit üzvü Şəhram Pursəfi ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd təşkil edib. Avqust ayında bildirilib ki, Pursəfi 2020-ci ilin yanvarında ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən SEPAH komandiri Qasim Süleyamnainin qisasını almaq məqsədilə Boltonu öldürmək istəyir.
“The Washington Post” iddia edir ki, Şəhram Pursəfi Gürcüstanda Gürcüstan-İsrail Biznes Palatasının prezidenti İtsik Moşenin öldürülməsini də təşkil etməyə cəhd edib.
“Qərb rəsmiləri də deyirlər ki, Pursəfi keçən il Cənubi Qafqaz ölkəsi ilə İsrail arasında münasibətləri yaxşılaşdırmağa çalışan gürcü iş adamı İtsik Moşenin öldürülməsini təşkil etməyə cəhd göstərib”-məqalədə qeyd edilir.
Bundan əvvəl “The Jerusalem Post” da Pursəfinin Gürcüstanda İtsik Moşenin öldürülməsi planında iştirakının mümkünlüyü barədə yazıb.
Noyabrın 15-də Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti İsrail vətəndaşının xaricdən sifarişlə öldürülməsinin ölkədə qarşısının alındığını elan edib. Güman edilən və Pakistan vətəndaşı olan qatil saxlanılıb. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılanlar arasında gözlənilən qətl üçün Gürcüstana silah çatdıran daha iki nəfər də var. Onlar İran və Gürcüstanın ikili vətəndaşlığı olan şəxslərdir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu