Bakı Metropoliteninin aldığı təzə qatarlar Bakıya gətirilib
"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.
AFN xəbər verir ki, bunu report-a səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Ötən ay göndərilmiş 2 qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır. Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır", - deyə o qeyd edib.
Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.
Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.