Türkiyənin Bilişim vadisinin nümayəndə heyəti “İnnovasiyalar Mərkəzi”nin qonağı olub
Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim vadisinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olub.
Agentlikdən AFN.az-a verilən məlumata görə, görüşdə Mərkəzin direktoru Vüsal Rüstəmov, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, Yıldız Texniki Universitetinin professoru Dr. Mesut Güner, texnoparklarla bağlı mütəxəssislər və digər aidiyyəti nümayəndələr iştirak ediblər.
Görüş zamanı Vüsal Rüstəmov Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” barədə məlumat verib. Həmçinin “INNOLAND”in bu sahəyə verdiyi töhfələrdən, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıb. Eyni zamanda bu sahədə bilik və qarşılıqlı təcrübə mübadiləsi, ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.
Qonaqlar, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar.
Görüşün nəticəsi olaraq aidiyyəti istiqamətlər üzrə gələcək əməkdaşlığa dair razılıq əldə olunub.