AzTV-nin diqqətinə: Nadir şah fars olmayıb, türk olub


Bir neçə gündür dostlar AZTV kanalında Nadir şahın və əfşarların fars kimi qələmə verilməsinə cavab yazmağımı istəyirlər. Qısa olaraq bu barədə yazmaq istədim.


Birincisi, Nadir şah Əfşar - bu adı kim eşitməyib? Dünyaca məşhur olan sərkərdə və "son fateh". İşğalçıları qovan və yeni Azərbaycan imperiyasını yaradıb gücləndirən bir şah kimi, Azərbaycanın qürur mənbəyidir. Nadir xan Azərbaycan adı altında vahid inzibati bölgü yaradaraq onu imperatorluğun mərkəzinə çevirmişdi. Şöhrəti və parlaq hərbi yürüşləri o qədər məşhur idi ki, hətta Napoleon özünü Avropadaki "yeni Nadir" hesab edir və ondan təsirlənirdi. Fransız imperatorunun Fətəli şah Qacara yazdığı məktublarında Nadirin böyük səltənətə sahib olması və düşmənlərini vahiməyə salan böyük döyüşçü adlandıraraq heyranlığını dilə gətirirdi.
İKincisi, Əfşarlar — 24 oğuz boyundan biridilər, əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Bəziləri iddia edirlər ki, Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar Nadir şah öz soy kökünün Azərbaycan torpaqlarında olduğuna əmin idi. Bununla bağlı "Tadhkirat al-mulūk. A manual of Ṣafavid administration, circa 1137/1725. Persian text in facsimile-B.M. Or. 9496. Translated and explained by V. Minorsky", səh.164-də yazılır ki, "Əfşar tayfası bütöv İran üzrə səpələnib, lakin burada mətnimiz [Təzkirətülmülük], tayfanın Urmiya gölünün güney sahilində və Marağadan güneydə məskunlaşan hissəsini nəzərdə tutur - Nadir Şah 1730-cu ildə burada öz tayfasının "ana yurdunu" tapmağa şad olmuşdu." Türkiyəli tədqiqatçı A.Kaya “Əfşar türkmənləri” əsərində də bu fikri təsdiq edir.
Nadir şah türkcə danışardı. Bütün ətrafı ilə şahlarla, hətta Türkiyə və Hindistan şahları ilə də. Amma fars dilini təmiz bilirdi. Ərəb dilini pis bilirdi. Nadirin mənşəyindən söhbət açanlar onun "qılıncdan yarandığını” yazırlar. Sadə bir kəndli ailəsində dünyaya göz açmış, öz qabiliyyətləri sayəsində yüksəlmi Nadir fars deyildi və bu cürə onun qələmə verilməsi tamamilə tarixi saxtalaşdırmaqdan başqa bir şey deyildir.
Bütövlükdə Nadir şahln Oğuz Türkmən soylu Əfşar boyundan olmasını Mirzə Mehdi Astarabadi, Məhəmməd Kazım Mərvi, A.A.Bakıxanov, L.Lokkart, K.Bosvort, Stenli Len-Pul, V.Minorski, E.Şmidt, S.R.Kişmişev, Ə.Kəsrəvi, S.Nəfisi, M.R.Arunova, P.Q.Butkov eyni zamanda bir çox çağdaş tədqiqatçılar da yazıblar. İngilis müəllifi K.Bosvort, M.Aksvorti, L.Lokkart yazırlar ki, Nadir şahın təmsilçisi olduğu Əfşar Oğuz Türkmən soylu Əfşar tayfasındandır.
Nadir şah özü Osmanlı dövlətinin sədrəzəmi Əli Paşa Həkimoğluna göndərdiyi məktubunda yazır: “Mənim cəddim müqəddimə Çingiz xurucunda Ruma gedən ali-Osmanın cəddi Ərtoğrulun qarındaşı olub, babaları Süleyman şah suya qərq olduqda mənim cəddim İrana getmiş idi”. Eyni zamanda Nadir şahın şəxsi səlnaməçisi Mirzə Mehdi xan da yazır ki, Nadir şah Türkmənlərin Əfşar boyundandır. Bu barədə çox yazmaq olar, məncə kifayətdir. Soruşurlar ki, bəs Nadir şahın niyə bu qədər qələbələri ola ola onlar farsın ayağına bağlanır? Cavab sadədir. Nadir şah Əfşarın hərbi yürüşlərini qələmə alan erməni katalikosu Abram Tekirdağlı (Abram Kretasi) olub və bunun özü də suala cavabdır.

Dosent Zaur Əliyev



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu