Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.
AFN.az xəbər verir ki, humanitar yardım təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri, eləcə də ərzaq və qida məhsullarından ibarətdir.
Ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.
Humanitar yükü Varşava hava limanına çatdırmaq üçün ilk təyyarə Ukraynanın ölkəmizdəki səfirinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib.
Beləliklə, Azərbaycanın Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.