“Vüqargilə deyilməmişdi ki, qızla gəlin” - MƏHKƏMƏDƏN


Bakıda məşhur "Beerlin Pub"da müştərini döyərək öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, prosesdə şahid qismində Orxan Şahbazovun növbə yoldaşı Elşən Quliyev ifadə verib: “Orxanla eyni gündə "Beerlin Pub"da işə başlamışıq. Hadisə günü 3 nəfər gəlmişdi. Onlardan biri "tapıçka"da idi. Orxan mədəni şəkildə dedi ki, geyiminizi səliqəyə salın, keçin. İçəridə olanda dedilər ki, yer rezerv etmişik, harda əyləşək. Biz Ramin müəllimdən soruşanda dedi ki, bunlar xanımsız gəliblərsə, çölə çıxardın. Sonra 3 dostdan biri dedi ki, biz kiminlə əlaqə saxlamışıqsa, onunla da danışmaq istəyirik. Dedilər ki, əgər xanımla gəlmək lazım idisə, yer rezerv edəndə niyə deyilməyib? Mən xahiş etdim ki, bu dəfəlik yola verin, gələn dəfə problem olmayacaq. Mərhumun dostu Valeh Orxanla acı danışdı. Mübahisələri olanda mən onları ayırdım".

Digər şahid isə restoranın rezervasiya işlərinə baxan S.Aslanova olub: "Yeri rezerv edən şəxsə telefonda deyilməmişdi ki, qızla gəlin. Amma onlara xəbərdarlıq edilmişdi ki, qapıda “face control” var və geyiminizi ona görə uyğunlaşdırın. Valeh və Orxanın dalaşdığını gördüm".

Məhkəmə martın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. Bundan başqa, Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu