Anası gözü qarşısında öldürülən qız: “Atam 2 yaşlı qardaşımı döyüb qarın üstünə atmışdı”


Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Sevil Ələkbərova bildirib ki, təqsirləndirilən şəxsin qızıdır.

O deyib ki, ailə üzvləri atası E.Ələkbərov tərəfindən dəfələrlə işgəncələrə məruz qalıb:

“Atam həmişə bizi incidib. O, hər hansı vəziyyətdən asılı olmayaraq, bizi döyürdü. İmkan vermirdi ki, anamı qucaqlayaq. Anamla aralarında mübahisə hər zaman aliment üstündə düşürdü. Qardaşımın 2 yaşı olanda onu döyüb qarın üstünə atmışdı. Biz onunla yola getmirdik deyə Gəncədən Bakıya nənəmgilə gəldik. Atam ölümlə təhdid etdiyinə görə biz ondan ayrı yaşamağa başladıq”.

Təqsirləndirilən şəxs isə qızının ona qarşı səsləndirdiyi ittihamları qəbul etmədiyini bildirib.

Daha sonra qətlə yetirilən Nailə Əliyevanın anası Dilbər Əliyeva şahid qismində ifadə verilib. O, hadisəsinin birbaşa şahidi olmadığını deyib:

“Qızım bizə qaçıb gəlmişdi. Nailə ilə Elçinin rəsmi nikahı olmasa da ayrılmışdılar. Qızım “Rus dili” müəllimi idi. Təxminən saat 14:00-da dərsə getdi. Nailə hər gün dərsə gedəndə Elçin onu izləyirmiş”.

D.Əliyeva söyləyib ki, hadisə zamanı E.Ələkbərov N.Əliyevanı nəvəsi Aydının yanında qətlə yetirib:

“O, əvvəl Nailənin saçından tutub başını daşa vurub. Sonra nəvəmi itələyib, qızımı bıçaqlayıb. Nəvəm qışqıra-qışqıra içəri girərək anasının öldürüldüyünü deyib. Məndə olan məlumata görə, Elçin qızımı bıçaqla qətlə yetirib taksi ilə qaçıb. Hadisəni eşidən kimi özümüzü xəstəxanaya çatdırdıq. Qızımın həyatını xilas etmək mümkün olmadı. Məhkəmədən Elçinə ömürlük cəzanın verilməsini xahiş edirəm”.

Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib.

Belə ki, Özbəkistan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu