“Azəristiliy”in 20 milyonluq borcunu dövlət ödəyəcək
“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borcu dövlət tərəfindən ödəniləcək”.
AFN xəbər verir ki, bu barədə “Azəriqaz”ın mətbuat katibi Eldəniz Vəliyev məlumat verib.
Onun sözlərinə görə, artıq borcun ödənilməsi ilə bağlı sənədləşmə prosesi həyata keçirilir: “Noyabrın 14-də “Azəristiliktəchizat”ın rəhbərliyi ilə danışıqlar oldu və onlara bir həftə vaxt verdik ki, borclarını ödəsinlər. Söhbət 34 milyon manat borcdan gedir. Lakin “Azəristiliktəchizat” bunun 14 milyon manatını mübahisəli məbləğ kimi qiymətləndirdiyinə görə 20 milyon məbləğdən danışırdıq. Daha sonra növbəti görüşlər oldu və bu möhlət dekabrın 15-dək uzadıldı.
Hökumət məsələnin ciddiliyini nəzərə alaraq, borcun ödənməsi üçün “Azəristilik” ASC-yə 12 milyon manat vəsait ayırdı. Bu qaza olan borcun tam hissəsi deyil. Məbləğin digər hissəsinin ödənişini də hökumət öz üzərinə götürüb. Hazırda həmin məbləğin sənədləşməsi həyata keçirilir. Həmçinin bundan sonra digər hissə də ödənəcək”.
E. Vəliyev bildirib ki, bununla da iki dövlət qurumu arasında olan borc məsələsi bitmiş hesab olunur.