AAYDA-nın məlumat lövhəsində kəndin adı biabırçı formada təhrif edildi - əxlaqsız, pozğun...


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Füzuli rayonunun Araz Yağlıvənd kəndinin yol kənarında quraşdırılan məlumatverici-göstərici yol nişanlarında yaşayış məntəqəsinin adının “Aşağı Yağləvənd” kimi yazaraq həm kəndin adını təhrif edir, həm də bir kəndin əhalisini, elatı, obanı təhqir etmiş olur. Ən pisi isə, bu məsələyə Füzuli rayon İcra Hakimiyyəti biganə yanaşır”.

AFN xəbər verir ki, bunu yazıçı Tağı Türk deyib. Onun sözlərinə görə, Füzuli rayonunda iki Yağlıvənd kəndi var: “Biri Araz Yağlıvənd, digəri isə Yağlıvənd. Hər iki kənd Yağlıvənd obasının 1930-cu ildə kolxozlaşmasından sonra ikiyə ayrılıb və kənd kimi formalaşıb.

Ta qədimdən Araz Yağlıvənd kəndinin indi yerləşdiyi ərazi Yağlıvənd obasının qışlağı olduğu üçün və həmin ərazi Araz çayının sahilində yerləşdiyinə görə camaatımız həmin ərazini sadəcə “Araz” adlandırmış, indiki Yağlıvənd kəndinin yerləşdiyi ərazini isə “Dəlmə” adlandırmışlar və inzibati ərazi vahidi kimi kəndlər yarananda da iki kəndi bir-birindən fərləndirmək üçün “Yağlıvənd” sözünün əvvəlinə “Araz” sözünü əlavə etmişlər".

Yazıçı qeyd edib ki, həm sovet dövründə, həm də müstəqilliyimizi bərpa etdikdən sonra kəndin adı Araz Yağlıvənd, digəri isə Yağlıvənd olaraq qalıb: “Lakin çox təəssüflər olsun ki, son dövrlər kəndin adı ilə bağlı bəzi sənədlərdə, eləcə də kəndin adını bildirən məlumatverici yol nişanlarında yanlışlığa yol verilərək “Aşağı Yağlıvənd” və ya “Aşağı Yağləvənd”, digər kəndin adını isə “Yuxarı Yağlıvənd” kimi yazırlar.

Xatırlatmaq istərdim ki, bununla bağlı fərdi qaydada araşdırmalar aparmış və Araz Yağlıvəndin və Yağlıvənd kəndinin adınının dəyişdirilməsi ilə bağlı Milli Məclisdə heç bir qanun layihəsinin müzakirəyə çıxarılmadığını dəqiqləşdirmişəm”.

Tağı Türk bildirib ki, kəndin adına yanlışlıqla və ya bilərəkdən yazılmış “Ləvənd” sözü kəndin əhalisinə təhqirdir: “Baxın, Azərbaycan dilinin izahlı lüğətində “Ləvənd” sözünün izahı verilib: “Əxlaqsız, pozğun (adətən söyüş yerində işlənir). Müəyyən misallar da göstərmək olar: “Ləvəndə qoşulan bəlayə düşər (Atalar sözü), Naçalnik: Ə, ləvənd oğlu, ləvənd! Sən nə hətərən-pətərən sözlər danışırsan?! “Qaçaq Nəbi”, Qayınana: “Onlar hayasız-abırsız, özündən sərxoş ləvəndlərdir. C.Cabbarlı”.

T.Türk ümid edir ki, bu məsələyə Füzuli rayon İcra Hakimiyyəti reaksiya verəcək: “Ümid edirəm ki, icra hakimiyyəti bu işlə yaxından maraqlanacaq. Xüsusilə, rayona rəhbər təyin edildikdən bu günə kimi rayon əhalisinin problemlərinin həll ilə yaxından məşğul olan, rayonun inkişafına dəstək verən icra başçısı Alı Alıyev məsələni diqqətdə saxlayaraq, kənd adını bildirən yol nişanlarının, eləcə də kəndin girişində kəndin adı yazılmış löhvənin, həmçinin kənd bələdiyyəsinin sənədlərində yanlışlıqla yazılmış “Aşağı Yağlıvənd” və “Aşağı

Yağləvənd” sözlərinin düzgün – Araz Yağlıvənd kimi dəyişdirilməsi üçün müvafiq dövlət orqanlarına sorğu göndərəcək, eləcə də “Azərbaycan Respublikası Dövlət Təsnifatı”nda (İnzibati-Ərazi Bölgüsü Təsnifatı-rəsmi nəşr) kəndin adının düzgün - Araz Yağlıvənd və Yağlıvənd kimi yazılması üçün müraciət edəcək”.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli AFN-ə açıqlamasında bildirdi ki, əgər ortada bir yanlışlıq varsa, mütləq aradan qaldırılacaq: "Nazirlər Kabinetinin təsdiqlədiyi kənd adları siyahısında yazılış necədirsə, o cür yazılmalıdır. Araşdırarıq, əgər yanlışlıq varsa, aradan qaldırarıq".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu