İİV xəstəsinə əks-göstəriş sertifikatı niyə 1 aylıq verilib?
Bakı sakini Şəhriyar Qasımov Səhiyyə Nazirliyi tərəfindən ona əks-göstəriş sertifikatının bir ay müddətinə verilməsindən narazıdır.
Bu barədə “Qafqazinfo”ya danışan Ş.Qasımov bildirib ki, İİV (İnsanın İmmun Çatışmazlığı Virusu) xəstəsi olduğu üçün Xırdalanda yerləşən poliklinikaya əks-göstəriş sertifikatı üçün müraciət edib: “Xəstəliyimə görə mənə peyvənd vurdurmaq olmaz. QİÇS bölümündən arayış və epikrizi də xəstəxanaya təqdim etmişəm. Ancaq mənə sertifikat Səhiyyə Nazirliyi tərəfindən 1 ay müddətinə verilib. Bəyəm İİV qandan gedir ki, onu 1 aylıq verirlər?”
“Qafqazinfo” Ş.Qasımovun müraciəti ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərib. Nazirlikdən cavab olaraq bildirilib ki, əks-göstəriş sertifikatı vətəndaşlara xəstəliklərinə uyğun olaraq, həkim rəyi verildikdən sonra Xüsusi Komissiya tərəfindən təqdim edilir: “Təqdim olunan əks-göstəriş sertifikatının müddəti xəstəliyin aktiv və ya müalicə dövrü nəzərə alınaraq təyin edilir. Əks-göstəriş sertifikatının müddəti başa çatan vətəndaşlar arzu olunan halda yenidən həkimə müraciət edə bilərlər. Həkim məsləhəti əks-göstəriş sertifikatının uzadılmasına uyğun olarsa, müddət artırıla və ya həkimin tövsiyəsi əsasında şəxsə peyvənd vurula bilər”.