Qubanın axundu qeyri-rəsmi münasibətdə olduğu qadını həbs etdirdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nübar İsazadə və İftixar Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N.İsazadə 10 il və İ.Ağayev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, N.İsazadə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin tələbəsi olub və aralarında intim yaxınlığı baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yayacağı ilə E.Əfəndiyevi hədələyib, ondan 75 min manat pul tələb ediblər.
Qeyd edək ki, həmin qadın uzun müddət axundun tələbəsi olub və ondan dini dərslər alıb. Onlar arasındakı münasibətlər bu zaman yaranıb. Qadın istintaqa ifadəsində deyib ki, əfəndi olaraq qəbul etdikləri, hər sözünə güvəndikləri Elnur Əfəndiyevin dediklərinin təsiri altına düşüb. Ailəli olduqları müddətdə belə onunla münasibəti olub. Elnur Əfəndiyev qadını inandırıb ki, əgər onunla münasibətdə olmasa başına böyük fəlakətlər gələcək.
İttihamda göstərilir ki, həmin qadın aralarında olan bu münasibətdən sonra evinə gizli kamera quraşdırıb və Elnur Əfəndiyevi şantaj edərək, ondan ev alması üçün 75 min manat pul tələb edib. Qadın isə ittihamla razılaşmır və deyir ki, E.Əfəndiyev ev almaq məsələsini özü vəd edibmiş. Bu işdə adı keçən İftixar Ağayev isə qadına axundla intim görüntülərini çəkmək üçün evə kameranın quraşdırılmasında kömək edib. Amma o da şantaj və hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilirdi.