Qarabağda ələ keçən erməni cinayətkarların ilk məhkəmə iclası keçirildi - YENİLƏNİB/FOTO


Bu gün Yasamal rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ Müharibəsi zamanı və ondan sonra azərbaycanlılara qarşı cinayətlər törədən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəmə prosesi keçirilib.


Oxu.Az-ın müxbiri xəbər verir ki, iclasa Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edib.

Hakim təqsirləndirilən şəxslər və zərərçəkən şəxslər haqqında məlumat verib.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.

Növbəti məhkəmə iclası iyunun 9-na təyin edilib.





























***

Baş Prokurorluq Birinci Qarabağ müharibəsində əsir düşən Azərbaycan vətəndaşlarına işgəncə verərək öldürməkdə təqsirləndirilən Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin bu gün keçirilən məhkəməsi barədə məlumat yayıb.



Mətbuat xidmətindən AFN-ə daxil olan məlumatda qeyd edilir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilib.

İclasda cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən tarcüməçilərin iştirakı təmin edilib.

Eyni zamanda hazırlıq iclasında 45 nəfərdən çox yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak ediblər.

Həmçinin, təcili tibbi yardım heyətinin iştirakı da təmin edilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu