Jurnalist “İnci” laboratoriyalarından polisə şikayət etdi


“Çox yaxın adamım təyyarəyə minmək üçün iki uşağı ilə bərabər Bakının ən prestijli laboratoriyalarından sayılan “İnci” laboratoriyasında COVİD-19 analizi verib və uşaqlarından birində COVİD -19 tapılıb. Uşaq özünü çox yaxşı hiss edirdi. Amma düşünülə bilər ki, uşaqdır, yəqin simptomsuz keçirir. Adamlar bu analiz cavabı səbəbindən öz ölkəsinə həmin gün qayıda bilmədi. Daha sonra yerli epidemioloqlar təkrar ailədən analiz götürdülər və heç birində COVİD-19 aşkarlanmadı. Biletlərini dəyişib evlərinə qayıtdılar”.


AFN xəbər verir ki, bunu tanınmış jurnalist Nailə Balayeva bildirib. O, qeyd edib ki, bir də heç vaxt "İnci"də analiz verməyəcək.

Jurnalist Mustafa Hacıbəyli də eyni laboratoriyadan narazılığını qeyd edib: “Keçən il yayda "İnci" laboratoriyasında qızımın testi neqativ çıxmışdı. Amma bütün əlamətləri olduğu üçün ərazi üzrə poliklinikada bir gün sonra təkrar test verdik, nəticə pozitiv çıxdı. Təsəvvür edirsiz, testin cavabı neqativ olduğu üçün o, rəfiqələri ilə görüşüb onların sağlamlığını riskə qoymuşdu. Başqa sözlə, "İnci" laboratoriyası virusun yayılmasına şərait yaratmışdı. Bununla bağlı laboratoriyadan izahat istədim. Dedilər ki, biz qan analizi vasitəsilə ilə yoluxmadan ancaq 10-15 gün sonra virusu aşkar edə bilirik. Dedim ki, biz simptomları 5-6 gün əvvəl hiss etdiyimizi bildirmişdik. O zaman nə üçün test edirdiniz? Niyə əvvəldən demirdiz ki, gedin 10-15 gün sonra gələrsiz? Hərgah, bu da absurd olardı, çünki biz testi səfər etmək üçün yox, müalicə məqsədilə verdiyimizi demişdik. Cavab verilmədi. Yəni 50 manat almaq üçün test edib səhv nəticəni vermişdilər. Bununla bağlı polisə rəsmi ərizə yazıb müraciət etmişdim. O ümidlə ki, bəlkə tədbir görülər, başqaları bu problemlə üzləşməz. Amma bu günə qədər cavab verilməyib”.

“İnci” laboratoriyalar mərkəzilə əlaqə saxlayıb iddialara aydınlıq gətirməyə çalışsaq da, bizə cavab verəcək şəxsin hazırda müsaid olmadığı deyildi. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu