Daimi ürək qüsurlu uşağın əlilliyi niyə ləğv edilib?
Anadangəlmə ürək qüsuru ilə doğulmuş 4 yaşlı İgid Rüstəmova əlilliklə bağlı təyin olunan müavinətin verilməsi dayandırılıb. Buna səbəb azyaşlıya sağlamlıq imkanları məhdudluğu statusunun 2018-ci ilin mart ayında 3 il müddətinə təyin olunmasıdır.
Həmin statusun yenidən bərpası üçün isə ailəyə yaşadıqları Tovuz rayonunun Mərkəzi Xəstəxanasından Bakıdakı Respublika Uşaq Klinik Mərkəzinə göndəriş verilib. Uşaq bu xəstəxanada 21 gün müalicə almalıdır ki, yenidən müavinətin ödənilməsi üçün müraciət etmək mümkün olsun.
İ.Rüstəmovun qohumu Həbibə Abdullanın “Qafqazinfo”ya bildirdiyinə görə, əslində uşaqda olan ürək qüsuru, yəni ürəyin bir mədəcikli olmasının müalicə və ya əmliyyatla bərpası mümkün deyil:
“İgid Rüstəmov 2017-ci ilin dekabrında xeyriyyə təşkilatlarının köməyi ilə Ukraynada açıq ürək əməliyyatı olunub. Qan dövranını yaxşılaşdırmaq, damarlarının işlək vəziyyətə gətirilməsi üçün bu əməliyyat lazım idi. 2018-ci ilin martında ona əlillik verilib və 200 manat müavinət təyin olunub. Uşağın bu xəstəliyi sağalmazdır. Yenə də ikinci dəfə əməliyyat olunmalıdır. İndi həmin müavinəti dayandırıblar. Ləğv olunandan sonra rayon tibb müəssisəsi onu Bakıya göndərib. İndiyə kimi uşağa 3 kardiocərrah, bir terapevt, bir pediatr baxıb və 5-i də şokdadır ki, bu uşağın əlilliyi ləğv olunmalı deyil. O gəlib xəstəxanada yatmalı deyil. Çünki bununla tək mədəcik problemi həll olunmur. Tibb hələ belə kəşf etməyib ki, tək mədəciklə doğulan insanlarda ikinci mədəcik yaradılsın”.
H.Abdullanın sözlərinə görə, uşağın maşında yol getməsi mümkün deyil. Buna görə də valideynləri onun Bakıya gətirilməsi üçün çətinliklə təcili yardım avtomobilinin ayrılmasına nail olublar:
“Bu anormal tələbdir ki, xəstə Bakıda ixtisaslaşmış xəstəxanada yatmalıdır. Əslində qüsurun, xəstəliyin növünə, bərpa olunub-oluna bilməməsi məsələsinə baxmalıdırlar. Həm də bu proses uzun zaman vaxt aparır. Uşağın atasına rayonda bildirilib ki, növbəti əlillik təyinatı üçün ən azı 5 ay lazımdır. Əslində valideyninə xəbərdarlıq oluna bilərdi ki, vaxt bitəndə təkrar tibb müəssisəsi tərəfindən forma 88 alıb əlilliklə bağlı müraciət eləsin. Onun dərhal ləğvi anormallıqdır”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, Rüstəmov İgid İlham oğluna məxsus Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilən forma 88-ə əsasən 12.03.2018-12.03.2021 tarixlərində sağlamlıq imkanları məhdudluq təyin edilib. Bu müddət başa çatdığı üçün sosial müavinətin ödənişi dayandırılıb:
“Həmin tarixdən sonra uşağa sağlamlıq imkanları məhdudluq təyin edilməsi üçün qeydiyyatda olduğu Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əlillik Altsisteminə heç bir yeni forma 88(göndəriş) daxil edilməyib. Göndəriş Əlillik Altsisteminə daxil edilmədiyi halda şəxsin əlilliyi ilə bağlı qərar vermək də mümkün deyil. Göndəriş altsistemə daxil olduqdan sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsin və əlilliyi qiymətləndiriləcək şəxslərin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. TSEK tərəfindən ekspert-vətəndaş ünsiyyəti olmadan məhz forma 88-də qeyd edilən məlumatlara əsasən əlilliyin qiymətləndirilməsi barədə qərar verilir”.
TƏBİB-dən isə bildirilib ki, İgid Rütəmov ixtisaslaşmış tibbi yardım üçün Bakıya göndərilib:
“Tovuz Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi Mahirə Quliyeva müalicəyə və əməliyyata ehtiyacın olduğunu bildirib. Xəstə bu səbəbdən Bakıda uşaq kardiologiyasına göndərilib”.