Virusun çoxalmasının qarşısını alacaq burun spreyinin adı açıqlandı


Dünya tibb mütəxəssisləri tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə müxtəlif dərman vasitələrinin tədqiqi aparılır. Bu cür tədqiqat işlərindən biri də burun spreyləri ilə bağlıdır. Hazırda dünyada burun spreyləri ilə bağlı aparılan elmi araşdırmalar davam etdirilir.

Mövzu ilə əlaqədar "Report"un suallarını cavablandıran Almaniyanın Köln şəhərində yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, hələ bir müddət əvvəl müxtəlif tərkibli burun spreyləri ilə heyvanlar üzərində aparılan eksperimental tədqiqatların nəticəsi müsbət olub.

N.Abdullayev əlavə edib ki, həmin spreylərin insan üzərində tətbiqinin nəticələri barədə elmi tədqiqatlar isə hələ bitməyib. O, Almaniyanın Köln Universitet Klinikasında da burun spreyləri ilə bağlı yeni elmi tədqiqatlara başlanıldığını bildirib.

Azərbaycanlı alim artıq kliniki elmi tədqiqatların başlandığını təsdiq edərək deyib ki, elmi tədqiqatda "Azelastin - Antiallergik" dərmanının virusun orqanizmə daxil olduqdan sonra çoxalmasına və onun yayılmasına qarşı təsiri öyrənilir:

"Tədqiqata koronavirusa yoluxmanın ilk günlərində olan şəxslər daxil edilir. Onlara hər gün müəyyən sxemlə bu spreyin istifadəsi tövsiyə edilir və sonra onların burunlarından yaxma götürülürək virusun yükü ölçülür. Tədqiqatdan gözləntilər isə virusa yoluxmanın ilk günlərində virusun çoxalmasının qarşısını almaqdan ibarətdir. Bu da insanları ağır kliniki gedişdən qorumaq məqsədi daşıyır".

N.Abdullayev qeyd edib ki, tədqiqatın nəticələrinin bu gözləntiləri doğruldacağını elmi əsaslı təsdiqləmək üçün mütləq elmi araşdırmanın yekunlaşmasını gözləmək lazımdır:

"Hər kəs bilməlidir ki, bu cür təsir göstərən spreylərin istifadəsinin pandemiya bitdikdən sonra bizimlə yaşayacaq virusla profilaktik mübarizədə əsaslı rol oynayacağı istisna edilmir. Ona görə də bu istiqamətdə aparılan tədqiqatlar çox önəmlidir və bu cür tədqiqatlar hətta Azərbaycanda da aparıla bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu