İctimai şuralar müstəqil və işlədikləri quruma qarşı tənqidi olmalıdırlar - MÜZAKİRƏ


Son illər ölkədə yaradılan İştimai Şuraların fəaliyyəti diqqət mərkəzindədir. İştimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirlməsi, dövlət siyasətinin formalşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir. Bu gün İctimai Şuralar öz funksiyasını yerinə yetirə bilirmi, yoxsa sadəcə formal xaraktermi daşıyır?




“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev AFN-ə açıqlamasında bu sahədə mövcud problemlərin olduğunu bildirdi: “Dövlət Dəstəyi Şurası tərəfindən “Konstitusiya” Araşdırmalar Fonduna bu qanun layihəsinin hazırlanması sifarişi verildikdə biz çox mühüm olan bir hüququn realizəsinə çalışırdıq. Bu ictimai iştirakçılığın təmin edilməsi idi. Eyni zamanda beynəlxalq təcrübə diqqətlə araşdırıldı. Xüsusilə də Avropa ölkələrindəki təcrübə tam öyrənildi, çünki İctimai Şura daha çox burada inkişaf edib. Həm də bizim tariximiz də öyrənildi. 2014-cü il iyun ayının 1-dən qanun qüvvəyə mindi və tətbiqi prosesinə başlandı. Çox təəssüf ki, burada bir sıra məqamlar nəzərə alınmadı. Birincisi, mərkəzi icra hakimiyyəti orqanlarının əksəriyyətində İctimai Şura formalaşmamışdı. Ötən illərdə 11-ə qədər mərkəzi icra, 6 yerli icra hakimiyyəti orqanı yanında yaradılıb. Ümumiyyətlə, bələdiyyə sistemində İctimai Şura yaradılmadı”.
Ə.Nuriyevin sözlərinə görə, İctimai Şuranın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında təsis olunmaması tam olaraq qiymətləndirmə imkanını aşağı salıb: “Digər təfədən, bir çox dövlət qurumları bu prosesdə formal yanaşmanı üstün tutdular. Bir neçə İctimai Şura var ki, fəaliyyət qabiliyyətli idi. Bunlar Ədliyyə Nazirliyində, “ASAN xidmət”də, Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsində, Təhsil Naziliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində müəyyən nəticələr ortaya qoymaq mümkün oldu. Amma bütövlükdə ümumi yanaşma formal idi. Bəzi halllarda dövlət qurumları İctimai Şuralara özlərinin əlavə bir strukturu kimi baxmağa cəhd edir. Dövlət qurumları buna müdaxilə etdilər və çalışdılar ki, özlərinə yaxın olan QHT-ləri bu prosesə qoşsunlar. Yeri gəlmişkən, indi maraqlı bir praktikaya keçməyə başlayıblar, dövlət qurumları tərəfindən özlərinə yaxın olan QHT-lər yaradıblar. Həmin QHT-ləri sonra özlərinin İctimai Şuraya üzv seçirlər. Beləliklə, çox xoşagəlməz tendensiya yaranır. Bu məsələ ciddi sürətdə diqqət mərkəzindədir. Prezinetin köməkçisi Hikmət Hacıyevlə görüşdə vətəndaş cəmiyyətinin üzvləri bu məsələ ilə bağlı öz fikirlərini bildirdi. Buna görə də Prezident Administrasiyası tərəfindən İctimai Şura yaradılması ilə bağlı qanunvericiliyin tələblərinə düzgün əməl edilməsi barədə çox qəti tapşırıqlar verilib. Ancaq yenə də bəzi dövlət qurumlarının vəzifəli şəxsləri çalışırlar ki, onların yanında sakit şuralar yaradılsın. Başqa bir məsələ ondan ibarətdir ki, özlərinə yaxın şəxslərin o Şuralarda təmsil olunmasına çalışırlar. Digər vəzifəli şəxslər var ki, açıq şəkildə müdaxilə etməyə çalşırlar, istəyirlər onların nəzarəti altında olsun, konkret ayrı-ayrı adamları təqdim edirlər. Buna yol vermək olmaz”.
Ə.Nuriyev onu da qeyd etdi ki, bəzi dövlət qurumları İctimai Şura ilə bağlı elanı vaxtında vermir: “Açıq Hökumət Platforması olaraq bu məsələlər “Açıq hökumətə dair milli fəaliyyət planı”nda nəzərdə tutulmuşdu və bu prosesin reallaşması istiqamətində icraçılardan biridir. Dövlət qurumlarının əksəriyyətində bu proseslə bağlı aydın təsəvvür yoxdur. Bu da bəzi işbazların əlinə yeni əlavə imkanlar verir. Hər hansı problem varsa Platformaya müraciət etsinlər, biz onlara metodiki dəstək verək. Hesab edirəm ki, İctimai Şuranın müstəqilliyi təmin olunmalıdır, qərar qəbul etmə prosesində iştirak etməlidirlər, həmin problemlərin həlli istiqamətində töhfə verməlidirlər. Dövlət qurumları yanında yaradılan İctimai Şura qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkət etməlidirlər. İctimai Şura üzvləri də dövlət qurumlarında tenderlərdə iştirak edə bilməz, həmin dövlət qurumlarından maliyyə vəsaiti ala bilməz. Ona görə də ciddi monitorinq proseslərinin aparılması vacibdir. Hansı mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai Şura yaradılacaqsa, yaxşı olardı ki, ölkə başçısı tərəfindən sərəncam imzalanaydı. Çünki “İctimai iştirakçılıq haqqında” qanunun 1-ci maddəsində bu məsələdə dispozitivlik var. Eyni zamanda ölkə başçısının qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda göstərilir ki, siyahılar dövlət başçısı tərəfindən verilir. Hansı mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai Şura yaradılması ilə bağlı siyahı olsa bu prosesdə xaosun qarşısının alınması mümkün olar, daha çox sistemlik yarada bilər. Ümumiyyətlə, İctimai Şuraların fəaliyyətindən razı deyiləm. Bu prosesin içində olan şəxs kimi bilirəm ki, problem var və qanun öz qarşısına qoyduğu hədəfə çatmayıb”.



Ədliyyə naziri yanında ictimai komitənin üzvü Əhməd Abbasbəyli bildirdi ki, “İctimai iştirakçılıq haqqında”qanunun qəbul edilməsi bu sahədə prosesləri sürətləndirməli idi: “Ancaq təəssüf ki, bu qanun qəbul edildikdən sonra bir sıra dövlət orqanları bu sahəyə diqqət göstərməyi lüzum bilmədilər. Lakin Prezidentin bu sahəyə xüsusi diqqət ayırması, öz çıxışlarında ictmai iştirakçılığın vacibliyini, vətəndaş cəmiyyətinin inkişafını vurğulaması, onu gündəmdə saxlaması, ilk növbədə mərkəzi icra hakimiyyəti orqanlarına mesaj oldu və keçən ildən başlayaraq bir sıra mərkəzi icra hakimiyyəti orqanları İctimai Şuraların yaradılması ilə bağlı müəyyən tədbirlər həyata keçirməyə başladılar. Onu da qeyd edim ki, adıçəkilən qanunda göstərilir ki, hansı orqanda yaradılması ilə bağlı xüsusi siyahı tərtib ediləcək və lakin bu siyahı tərtib edilmədiyinə görə, bəzi dövlət qurumları bundan sui-istifadə edərək qanunun tələblərindən kənara çıxır, İctimai Şuranın yaradılmasından imtina edirdilər. Lakin bu gün siyasi iradə ortadadır və ölkə başçısının bununla bağlı fikirləri cəmiyyətdə müzakirə olunur. Çox müsbət qarşılanır ki, İctimai Şuraların yaradılması çox vacib strukturdur, ölkədə korrupsiyaya qarşı mübarizənin, şəffaflığın, vətəndaşların məlumatlara əlçatanlığı baxımından vacib bir elementdir. Bu gün KİV-lərdə bununla bağlı müxtəlif suallar, tənqidi yanaşmalar da var. Təbii ki, tənqidi yanaşmalarla razılaşmaq da olar. Ancaq ən azı ilkin addım olaraq, ölkədə gedən proseslərə, ictimai iştirakçılıqla bağlı atılan addımlara, qanunun qəbul edilməsinə laqeyd yanaşan və öz şəxsi, korporativ maraqlarını üstün tutan bəzi mərkəzi icra hakimiyyəti orqanlarında İctimai Şuranın yaranmasına müsbət yanaşmaq lazımdır. Artıq onun fəaliyyəti gələcəkdə ictimaiyyətin gözü qarşısında olacaq və cəmiyyət özü bunu qiymətləndirməli və İctimai Şuraların effektivliyini gündəmə gətirməlidirlər. İlk növbədə də KİV bu məsələlərə diqqət ayırmalıdır”.
Ə.Abbasbəylinin fikrincə, İctimai Şuraların səmərəsi iki vacib faktordan asılıdır: “Birinci faktor, həmin İctimai Şuralarda təmsil olunan şəxslər və həmin QHT-lərin bu məsələyə nə dərəcədə səmimi, məsuliyyətlə yanaşmasından asılıdır. Əgər həmin təşkilatlar bu məsələyə öz şəxsi mənafeyindən deyil, ölkənin, vətəndaşların, sektorun mənafeyindən yanaşırsa, gördüyü işlər cəmiyyət üçün də faydalı olacaq. Yox əgər o sırf öz mənafeyi, xahişləri, reklam, hər hansı məsələlərlə bağlı təmsil olunduğu qurumda işlərinin keçməsi üçün istifadə edəcəksə təbii ki, bunun faydası olmayacaq. Bu bir faktordur. Mən İctimai Şuraların bir çoxunun siyahısı ilə tanış olmuşam. Orada kifayət qədər nüfuzlu, dövlətimiz, vətəndaş cəmiyyəti üçün iş görmüş, təcrübəli, prinsipial insanlar var. Düşünürəm ki, bu sahədə onların işlərinin səmərəsini görmək mümkün olacaq. İkinci faktor isə həmin mərkəzi icra hakimiyyəti orqanı ki, nəzdində İctimai Şura yaradılıb, o orqanın özünün bu prosesə münasibətindən asılı olacaq. Bu günə qədər olan təcrübə onu göstərir ki, mərkəzi icra hakimiyyəti orqanlarında bir çox hallarda bunların yaradılmasında məqsəd gözdən pərdə asmaq xarakteri daşıyır. Bu, kimlərəsə bir mesaj idi ki, biz yaratmışıq, ictimaiyyət üçün açığıq, şəffaflığa meyilliyik. Lakin əslində bu günə qədər olan təcrübədə bir neçə mərkəzi icra hakimiyyəti orqanları da var idi ki, ancaq formal xarakter daşıyırdı. Müsbət nümunə kimi Ədliyyə Nazirliyi yanında İctimai Komitəni göstərmək olar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən İctimai Şura bir müddət faydalı olsa da, sonra formal xarakter daşımağa başladı. İndi yeni heyət formalaşıb. Azərbaycan Dillər Universitetinin nəzdində İctimai Şura formalaşmışdı ki, doğrudan da çox səmərəli idi. Lakin təəssüf ki, müəyyən proseslər baş verdi, rəhbərlik dəyişdi, İctimai Şuranın fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Digərləri formal xarakter daşıyırdı”.
Ə.Abbasbəyli deyir ki, bu gün İctimai Komitənin vasitəsilə Ədliyyə Nazirliyində bütün sahələrdə ictimai iştirakçılığın təmin edilməsi istiqamətində ciddi addımlar atılıb: “Bütün proseslərdə vətəndaş cəmiyyəti institunun nümayəndələri iştirak edirlər. Bundan əlavə, Azərbaycan cəmiyyətində ilk olaraq Ədliyyə Nazirliyində tender komissiyalarının iclaslarında vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Bu gün ən çox tənqid olunan, qaranlıq, korrupsiyaya bulaşmış sahə tenderlərlə bağlıdır. Tenderlər komissiyasının qərarları şübhə doğuran vəziyyətdə həyata keçirilir. Sonda da aydın olur ki, həmin mərkəzi icra hakimiyyəti orqanları öz qohumları, yaxınlarını elan olunmuş tenderlərin qalibləri elan edirlər. Lakin bu gün Ədliyyə Nazirliyi tender komissiayalarının iclasında artıq vətəndaş cəmiyyəti institutunun iştirakı təmin edilir. Bu o deməkdir ki, cəmiyyət üçün qaranlıq bir sahə ictimaiyyət üçün açıqdır. Bu təcrübə digər orqanlarda da tətbiq edilməlidir. Bu gün sosial şəbəkələrdə istənilən tənqidə tez reaksiya veririk, Ədliyyə Nazirliyi rəhbərliyi qarşısında məsələ qaldırıırq. Məsələn, 44 günlük müharibə dövründə cəzaçəkmə müəssisələrində olan insanların övladlarının müraciətlərini dərhal qaldırmışıq. Onu da qeyd edim ki, bir çox şəhidlərin yaxınlarının vaxtından əvvəl şərti azadlığa buraxılması müsbət həll olunub. Bu kimi bir çox məsələlərdə İctimai Komitənin rolu olub. Mən birmənalı şəkildə deyirəm ki, İctimai Şura cəmiyyətə lazımdır, mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərməsi çox vacibdir”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu