“Rüşvət alır, təhdid edir…” – Müəllimi intihara sürükləyən internat direktorundan – Şikayət





“2019-cu ilin sonlarında Əsgərova Afaqət Yaşar qızı Qaradağ rayonu Sahil qəsəbəsi 9 saylı internat məktəbinə direktor vəzifəsinə gəldi və onun gəlişi ilə bütün işçilərin həyatı qaraldı. Gəldiyi gündən hədə-qorxu və rüşvət yığmaqla məşğuldur. Haqqını tələb edən və rüşvət verməkdən imtina edən şəxsləri isə sıxışdırır, hədə-qorxu gəlir, təzyiqlər göstərir, töhmət verir, onlar barəsində aktlar tərtib edir”.



Correct.az xəbər verir ki, bunu redaksiyamıza şikayət məktubu ilə müraciət edən Cəfərova Günay Ağacəfər qızı qeyd edib. Bildirib ki, o, 2005-ci ildən 9 saylı internat məktəbində işləyir. İşlədiyi 15 il müddətində heç bir müəllim və uşaqlarla, eləcə də işlədiyi müddətdə məktəb rəhbərliyi ilə heç bir problem yaşamadığı halda, səhhətində heç bir problem olmadığı halda yeni direktorun gəlişi onu xəstə durumuna salıb:

“A.Əsgərova bizə tez-tez bildirir ki, "mənim adamım var və mən heç kimdən qorxmuram. Gedin kimə nə istəyirsinizsə deyin". Qeyd etmək istəyirəm ki, A.Əsgərova 7 saylı internat məktəbində də bu kimi işlərlə məşğul olub, işçiləri bezdirib. Sonda işçilər o həddə gəldilər ki, birləşib onu şikayət etdilər, məktəb bağlandı və həmin direktor məhkəməlik oldu. Gəldiyi gündən mən və bir çox işçi ilə prinsip aparır. Avqustun 20-də 12 nəfərlik iclas təşkil etdi və orada bir işçi ilə mübahisə etdi, ona səs tonunu yüksəldərək etikadan kənar ifadələr işlətdi. İşə gəldiyi halda həmin işçini işə gəlməməkdə günhlandıraraq barəsində akt tərtib etdi və iclas iştirakçılarının hər birinə imzalatdırdı. Yalnız mən aktı imzalamaqdan imtina etdim və bu, ona xoş gəlmədi. İclasdan sonra əsəbiləşən A.Əsgərova məni otağına deyil, məktəbinə kənarına çağırdı və məndən telefonumu ona verməyimi tələb etdi.

Bu 15 il ərzində heç kim deyə bilməz ki, Günay özünü narahat hiss edib. Amma məni elə bir vəziyyətə gətirdi ki, əsəbdən huşumu itirdim və hadisə yerinə təcili tibbi yardım çağırıldı. Həkim də bildirdi ki, mənim huşumu itirməyimə əsəb və stress səbəb olub. Huşumu itirməyimdən istifadə A.Əsgərova cibimdən telefonu götürməyə çalışsa da, mənim yavaş-yavaş ayıldığımı gördükdən sonra əlini dərhal geri çəkdi. Mən bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə də məlumat verdim və mənim müraciətim 38-ci Polis Bölməsinə yönləndirildi. Polis idarəsinə gedərək izahat yazdım və qeyd etdim ki, bundan sonra başıma gələcək bütün hadisələrə görə məsuliyyəti A.Əsgərova daşıyır”. G. Cəfərova bildirir ki, Afaqət Cəfərova həmçinin məktəbin yeni təmir olunmasına baxmayaraq təmir adı ilə işçilərdən pul tələb edir, bayram və doğum günlərində müəllim heyətindən 100 manat məbləğində pul tələb edir:

“O, müavinləri vasitəsilə müəllimlərdən 40 manat məbləğində təmir pulu yığır və verməyənə təzyiqlər göstərir. Təmir pulu vermədiyimə görə dəfələrlə iclasda adımı hallandırıb və mənə təzyiq göstərib. Şəxsi həyatımı müzakirəyə çıxararaq adıma qara yaxmağa çalışıb. Şikayət edəcəyim təqdirdə isə bildirir ki, "mənə bir ziyan dəyəcəksə, sizə beşi dəyəcək. Dilinizi qoyun dinməz yerinizə". Ondan şikayət edəcək şəxsləri şiddətli töhmət verməklə hədələyir. A.Əsgərova təzə qanun qoyub ki, bayramlarda, doğum günündə müəllimlər ona 100 AZN verməlidirlər. Bizə həmişə deyir ki, "gördünüz, mənim adamım var ki, mən o boyda məhkəməni udub buraya gəldim. O işçiləri məhkəməyə verib onlara təzminat ödətmişəm". Yəni ağzınızı açsanız sizə də eynisini edərəm demək istəyir.”.

Günay Cəfərova: “Onu da deyim ki, mən internatda axşam 19:00-dan səhər 08:30-a qədər gecə növbəsində işləyirəm və gecə növbəsində 4 məsul şəxs işləməli olduğu halda mən onların heç birini işdə görmədim. Bir dəfə A.Əsgərovanın işə götürdüyü əlaltısı Vaqif adlı "sovxoz" gecə saat 4-də qanunsuz şəkildə internata daxil olaraq bizi videoya çəkdi və biz bunun soruşduqda isə bunun direktorun tapşırığı olduğunu, kiminlə necə istəyirsə elə də davranacağını bildirdi.

Əgər çəkiliş qanuni olsaydı Təhsil Nazirliyi oraya kamera yerləşdirərək nəzarəti özü həyata keçirərdi. Məsələ ilə bağlı direktora məlumat verdikdə əvvəlcə videoçəkilişin özünün razılığı əsasında həyata keçirildiyini, daha sonra isə bundan xəbərsiz olduğunu, Vaqif adlı şəxsin təşəbbüsü ilə çəkiliş edildiyini bildirdi. Nəzərinizə çatdırım ki, bununla bağlı Təhsil Nazirliyinə də elektron və poçt vasitəsilə müraciət etmişəm. Direktorun bu özbaşınalığı ilə əlaqədar bir neçə nəfərin də razılığı ilə Təhsil Nazirliyinə ünvanladığım müraciətimə görə A.Əsgərova həmin əməkdaşlara təzyiqlər edərək mənə qarşı çıxarmağa çalışdı, onlara hədə-qorxu gələrək mənim əleyhimə izahat yazdırdı.

A.Əsgərovanın təzyiqi altında mənim əleyhimə izahat yazan müəllimlər öz izahatlarını geri götürmək üçün məktəbə getsələr də müavin Sevinc Mehraliyeva onların qarşısını kəsdi və direktorun məktəbdə olmadığını bəhanə edərək onları məktəbə buraxmadı. Halbuki direktorun maşını məktəbin arxa tərəfində dayanmışdı. 2016-ci ildə internat məktəbi təmirdən sonra divan və kürsü ilə təmin olundu. A.Əsgərova direktor gələndən sonra həmin divan və kürsü yoxa çıxdı və onlar qırıq masa və oturacaqlarla əvəz olundu. Direktor aşağıda özünə otaq düzəldib və bildiyimə görə, həmin divan və kürsünü öz otağına yığıb. Mən özüm dəfələrlə şahidi olmuşam ki, A.Əsgərovanın katibəsi gizli şəkildə bizim danışıqlarımızı dinləyir.

Hazırda A.Əsgərova hətta digər müəllimləri yanına çağıraraq mənu işdən çıxarması üçün ona kömək etmələrini bildirib. Bu qadın məni artıq intihara sürükləyir. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də A.Əsgərovanın rüşvətxor əməlləri ilə bağlı məlumat vermişəm. Xahiş edirəm ki, direktorun bu özbaşınalığı ilə bağlı bizim şikayətimizi işıqlandırasınız və məsələnin həlli üçün bizə köməklik göstərəsiniz”. Məsələ ilə bağlı Qaradağ rayonu Sahil qəsəbəsi 9 saylı internat məktəbi ilə (0124461832) əlaqə saxladıq. Zəngimizə cavab verən katibə direktorun məktəbdə olmadığını və məsələ ilə bağlı direktorun özü ilə əlaqə saxlamağımız bildirildi. Lakin məktəbin direktoru, yazıda adı çəkilən Afaqət Əsgərova məktbədə iclasda olduğunu bildirdi. Şikayət haqqında məlumat aldıqdan sonra məsələyə münasibət bildirəcəyini qeyd etsə də sonradan zəngimizə cavab vermədi.

Xatırladaq ki, Afaqət Əsgərovanın adı mətbuatda Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sağ əli kimi hallandırılır. Həmçinin A.Əsgərovanın Suraxanı rayonunda yerləşən 7 saylı əqli cəhətdən geridə qalan uşaqlar üçün xüsusi təyinatlı internat məktəbinin direktoru olduğu zamanlarda belə mətbuatda barəsində anoloji şikayətlər dərc edilib və o işində başqa ciddi nöqsanlar ortaya çıxdığından görə Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu