ABŞ Səudiyyə Ərəbistanı ilə alyans yarada bilər: Rusiyanın şist nefti bazardan çıxarmaq planı suya düşür




Dünya neft bazarında təlatüm davam edir. Arxada qoyduğumuz həftəni 30 dollar civarında başa vursa da, həftənin ortasında qiymətlərin 25 dollardan aşağı düşməsi baş vermişdi. Martın əvvəlindən OPEK+ çərçivəsində hasilatın azaldılması danışıqlarının Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı ziddiyyət üzündən pozulması bazarda ciddi volatilliyə səbəb olub.



Neft bazarındakı problemlərin bir mühüm səbəbi koronavirus pandemiyasının dünya iqtisadiyyatında yaratdığı durğunluqdursa, digər səbəbi OPEK+ razılaşmasının pozulmasıdır. Son bir neçə ildə iqtisadiyyatını neftin aşağı qiymətlərinə hazırlayan Rusiya OPEK+ razılaşmasını pozmaqla ABŞ şist neft hasilatına zərbə vurmaq, bu ölkənin dünya bazarında getdikcə artan nüfuzunu zəiflətmək məqsədi güdür. Burada Rusiyanı bu addıma sövq daha bir amil ABŞ-ın ötən ilin sonunda “Şimal Axını-2” qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı sankiya tətbiq etməsi, bununla da Moskvanın Avropanın qaz bazarında möhkəmlənməsinə yönəlmiş planlarına ciddi zərbə vurmasıdır. Fevral ayında ABŞ Rusiyanın ən böyük dövlət neft şirkəti olan “Rostneft”ə qarşı da sanksiyalar tətbiq edib. Rusiyanın Vaşinqtonun bu addımlarını cavabsız buraxmayacağı bəlli məsələydi. Lakin əksər analitik mərkəzlər hesab edirlər ki, bu addımı atmaq üçün Rusiya zaman seçimi ilə uğursuzluğun əsasını qoyub. Belə ki, heç kimin gözləmədiyi halda koronavirus bütün dünyada geniş yayılmaqla iqtisadiyyatları, iqtisadi əlaqələri hərəkətsiz hala gətirdi. Nəticədə, neft bazarında tələb kəskin aşağı düşdü. Neftin 35-40 dollarlıq qiymətinə hazır olan Rusiya iqtisadiyyatı 20-25 dollar, üstəgəl, koronavirusa görə bütün iqtisadi sektorlarda azalmaya çətin ki, uzun müddət davam gətirsin...
Üstəlik, Rusiyanın neft şirkətləri arasında razılaşmadan çıxılması birmənalı qiymətləndirilmir. Ən böyük özəl şirkət olan “Lukoyl”un vitse-prezidenti Leonid Fedun bunu yanlış addım kimi qiymətləndirir. Onun sözlərinə görə, Rusiyanın hasilatı artırmaq imkanları 300 min bareldən yuxarı deyil və yaxın 2 ildən sonra hasilat səviyyəsi enməyə başlayacaq.
OPEK+ razılaşmasından çıxılmanın təşəbbüskarı olan “Rosneft” rəhbəri İqor Seçin isə jurnalistlərə bildirib ki, aşağı qiymətlər ABŞ-da şist neft istehsalını effektsiz hala gətirir, buna görə də bu neftin bazardan çəkilməsi prosesi cari ilin sonunadək dünya bazarına qiymətlərin yüksəlməsinə səbəb olacaq: “Baxmayaraq, ABŞ maliyyə institutları öz istehsalçılarını aktiv dəstəkləyirlər, qiymətlərin bu həddə qədər azalması şist neft hasilatına maliyyə cəlb etməyə imkan vermir”.
ABŞ Federal Ehtiyat Sisteminin həm də istehsalçıları dəstəkləmək üçün 1,5 trilyon dollarlıq əlavə emissiya edib, lakin Seçinin fikrincə, bu addımın da gözlənilən effekti verəcəyi ciddi sual altındadır: “Nə qədər investisiya təklif olunsa da, hazırkı qiymətlər səviyyəsi şist neftinin hasilatını effektiv hala gətirməyə imkan vermir. Buna görə də bazarda korreksiya gedir. Düşünürəm ki, bu korreksiya sürətlə gedəcək, yarım il ərzində biz daha stabil, doğru istiqamətli dəyişikliklər görəcəyik. İlin sonuna isə, şist neftin bazardan çıxması nəticəsində, hesab edirəm ki, qiymət 60 dollara qədər yüksələ bilər”.
“Rosneft” rəhbəri onu da bildirib ki, Səudiyyə Ərəbistanının büdcəsi neftin 80 dollardan yüksək qiymətində balanslaşır: “Onların böyük həcmli sosial öhdəlikləri, həmçinin “Saudi Aramco”ya investisiya edən investorlar qarşısında öhdəlikləri var. Onlar 75 milyard dollar dvident ödəmək öhdəliyi götürüblər. İndiki qiymətlər bu öhdəlikləri yerinə yetirməyə imkan vermir, ona görə də məcburdular ki, hansısa qərarlar qəbul etsinlər”.
Seçinin sözlərinə görə, “Rosneft”in resurs bazası geoloji kəşfiyyata əlavə investisiya qoymadan hasilat həcmini saxlamağa, əməliyyat xərcləri isə “kifayət qədər uzun müddət ərzində” indiki şərtlərlə işləməyə imkan verir: “Biz, təbii ki, resurs bazamızı bərpa edəcəyik. Lakin buna baxmayaraq, söhbət bazarın vəziyyətindən asılı olmayan nəhəng potensialdan gedir. Əməliyyat xərcləri “Saudi Aramco”nun xərcləri ilə üst-üstə düşür. Bizdə hər barel üçün 3,1 dollardır, onlarda isə 2,5-2,8 dollar. Yəni bu sahədə də biz sakit və effektiv işləyə bilərik”.
Bunlara rəğmən, “Rosneft” rəhbəri Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft bazarı ilə bağlı əməkdaşlıq etməlidilər. Seçinin fikrincə, OPEK+ razılaşması hasilatın azaldılması vasitəsilə bazarda qiymətləri saxlamağa imkan versə də, ABŞ-ın orada iştirak etməməsi nəticəsində birqütblü idi: “Və ilk dəfə olaraq Birləşmiş Ştatlar xalis ixracatçıya çevrildi, əvvəllər heç müzakirə belə olunmayan bazarları tutdular – Avropada, Şərqi Asiyada, Çində, Hindistanda. Hətta Polşaya maye qaz satmağa başladılar. Halbuki polyaklar mövcud boru şəbəkəsi ilə Rusiya qazını 30 faiz daha ucuz qiymətə ala bilərdilər. Ona görə də biz burada iqtisadiyyat qanunlarını deyil, siyasi amillərin təsirini görürük”.
Düzdür, hələlik Rusiya rəsmilərindən neft qiymətlərinin yaratdığı çətinliklərdən danışan yoxdur. Hətta hökumət mənbələrindən Bloomberg-ə Səudiyyə Ərəbistanı ilə qiymət müharibəsindən çəkilməyəcəklərini bildirirlər. Lakin Moskvanın hesablamadığı koronavirus pandemiyasının yaratdığı zərər getdikcə artır. Ölkənin avtomobil sənayesi demək olar ki, istehsalı yarıbayarı azaldıb, turizm sektoru tənəzzüldədir, 3 milyonadək kiçik və orta sahibkarlıq subyekti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Bütün sektorlardan ucalan yardım səsləri getdikcə daha yüksəkdən eşidilir. Arxada qoyduğumuz həftə Rusiya Mərkəzi Bankının valyuta bazarında gündəlik dollar satışı 5-5,5 milyard rubldan 7,6 milyard rubla qədər artıb. Hazırda Rusiyada hasil olunan neftin maya dəyəri 30 dollar civarında, bazarda satış qiyməti isə 23-24 dollardır. Yəni faktiki olaraq, Rusiya neft satışından gəlir əldə etmir. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarında nə qədər dollar sata biləcəyi ciddi sual altındadır.
Bazardakı qiymətlərin indiki səviyyəsinin ABŞ-ı qane etmədiyi aydın məsələdir. Və bu ölkədə Prezident Administrasiyasının neft bazarına müdaxiləsini tələb edənlərin səsi eşidilməkdədir. ABŞ hökumətinin bir sıra strukturları artıq Səudiyyə Ərəbistanı ilə təmaslara başlayıblar. Belə ki, ABŞ-ın Texas ştatında neft hasilatını tənzimləyən qurumun komissarı Rayan Sitton öz Twitter hesabında OPEK baş katibi Məhəmməd Burkindo ilə dünya neft tələbatı və təkliflə bağlı müzakirələr apardıqlarını yazıb: “Dünya tələbi və təkliflə bağlı əla söhbət etdik. Biz hamımız razıyıq ki, iqtisadi stabilliyi təmin etmək, koronavirus infeksiyasının təsirlərindən azad olmaq üçün beynəlxalq razılaşma bağlanmalıdır”. Komissarın yazdığına görə, Məhəmməd Burkindo onu OPEK-in növbəti toplantısında iştirak etməyə dəvət edib.
The Wall Street Journal bu xəbəri ABŞ şist neft istehsalçılarının dünyanın üç nəhəng neft hasilatçısı arasında ziddiyyətləri, Rusiya ilə Səudiyyə arasındakı münaqişəni aradan qaldırmaq üçün OPEK-lə dialoqa başlamaları kimi qiymətləndirib.
Maraqlıdır ki, dünən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsi də onlayn birifinq zamanı jurnalistlərə bildirib ki, ölkəsi Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bütün ölkələri qymət müharibəsindən çəkinməyə dəvət edir: “Biz hazırda bütün bazar iştirakçılarını qlobal qeyri-müəyyənliyi, iqtisadiyyatda əsən qəfil küləkləri nəzərə alaraq, bu mərhələdən birgə çıxmaq üçün cavab tədbirləri görməyə çağırırıq. Biz dəfələrlə bildirmişik ki, Rusiya energetikadan siyasi alət kimi istifadə edir”.
The Wall Street Journal-ın yazdığına görə isə ABŞ Energetika Nazirliyinin yüksək vəzifəli məmurları Prezident Donald Tramp administrasiyasını Səudiyyə Ərəbistanı ilə neft qiymətlərini tənzimləmək üçün alyans yaradılmasına inandırmağa çalışırlar. Hesab olunur ki, bu, neft bazarında kəskin qiymət enişlərini önləməyə, həmçinin Səudiyyə Ərəbistanının Rusiya ilə əməkdaşlığını azaltmağa şərait yaradar. Qəzet yazır ki, plan hələlik nazirlikdə müzakirə olunur, nə qurumun rəhbərliyinə, nə də Ağ Evə təqdim olunmayıb.
Göründüyü kimi, ABŞ artıq neft bazarındakı vəziyyətə müdaxilə etmək istiqamətində hərəkətlənir. Bu hərəkətliliyin müsbət nəticə verməsi, Səudiyyə ilə razılaşmanın əldə olunması isə Rusiyanın şist nefti bazardan çıxarmaq planının tamamilə suya düşməsi demək olacaq....

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu