Neft bazarı üçün "qara bazar ertəsi"?




Dünya neft bazarı böyük təlatüm astanasındadır. Martın 6-da OPEK+ ölkələri arasında hasilatın daha da azaldılmasına dair razılaşma əldə olunmadıqdan sonra tərəflər arasında münsibətləri qıracaq addımlar atılmağa başlayıb. Xatırladaq ki, Rusiya Səudiyyə Ərəbistanının hasilatın daha da azaldılması təklifini qəbul etməyib. Moskva hesab edir ki, bu razılaşma bazarda ABŞ-ın mövqeyinin güclənməsinə gətirib çıxarır: OPEK+ ölkələrinin azaltdığı həcmi bu ölkə bazara çıxarır. Buna görə də 2016-cı ildən bəri mövcud olan OPEK+ formatının dağılması üçün real əsaslar yaranıb. Format daxilində hasilatın azaldılmasına dair əldə olunmuş razılaşmanın müddəti martın 31-də bitir.



Rusiyanın energetika naziri Aleksandr Novak həmin tarixdən sonra hasilatı kim nə qədər istəyir, o qədər artıracağını bəyan edib. Səudiyyə Ərəbistanı isə Rusiyanı razılaşmaya qaytarmaq üçün maraqlı və təhlükəli üsula əl atıb. Belə ki, Bloomberg-in etibarlı mənbə və sənədlərə istinadən yaydığı məlumata görə, “Saudy Aramco” Şimal-Qərbi Avropanın emal zavodlarına nefti 8 dollar ucuz qiymətə təklif etməyə başlayıb. Eyni zamanda aprelin əvvəlində Ər-Riyad hasilatı sutkada 10 milyon barrelə qaldırmağa qərar verib. Hazırda ölkədə neft hasilatının həcmi sutkada 9.3 milyon barreldir.
“Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanı daha sonra hasilatı hətta sutkada 12 milyon barrelə qaldıra bilər. Agentliyin söhbətləşdiyi treyderlər deyiblər ki, bu addımın məqsədi Rusiya şirkətlərinə Avropada neft satmağa mane olmaqdır.
Agentliyin mənbəsinin dediyinə görə, Səudiyyə Ərəbistanı hasilatı kəskin artırmaq qərarını sabah açıqlayacaq.
Maraqlıdır ki, Rusiyanın böyük şirkətlərinin OPEK+ çərçivəsində razılaşmanın qüvvədən düşməsinin ölkəyə təsiri barədə mövqeləri kəskin fərqlidir. Belə ki, “Lukoyl”un vitse-prezidenti Leonid Fedunun hesablamalarına görə, razılaşmadan çıxmaq Rusiyanın gündəlik 100-150 milyon dollar itirməsinə səbəb olacaq. The Bell nəşrinə danışan “Lukoyl” rəsmisi “yüngül şok” yaşadığını deyib. Onun sözlərinə görə, neftin 1 barelinin razılaşmaya görə formalaşan 60 dollardan razılaşma pozulandan sonra yaranacaq ucuzlaşma nəticəsində 40 dollara düşməsi gündəlik ixracatı 5 milyon barel olan Rusiyanın hər ötən gün 100-150 milyon dollar itirməsinə gətirəcək. Biznesmen Rusiyanın hasilatın azaldılmasına dair razılaşmadan imtinasını gözlənilməz və qeyri-rasional qərar adlandırıb.
“Rosneft”in mətbuat katibi Mixail Leontyev isə TASS-a bildirib ki, OPEK+ razılaşması Rusiyaya zərər vururdu: azaldılan həcmləri digər hasilatçılar təmin edir, razılaşma iştirakçıları isə sahənin inkişafı imkanlarını itirirdilər. Buna görə də “Rosneft” təmsilçisi Rusiyanın razılaşmada qalmasını “mənasız” hesab edir. Onun sözlərinə görə, əgər daha kompromis təkliflər olsaydı, OPEK+ çərçivəsində razılığa gəlmək mümkün idi: “Amma qoyulan şərtlər əməkdaşlıq xarakterli deyildi”.
Onu da bildirək ki, Vyana görüşünün nəticəsiz bitməsi dərhal dünya bazarına neqativ təsirini göstərib. Brent markalı neft 46 dollardan aşağı düşüb. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti isə 6,72 dollar, yaxud 12,47 faiz azalaraq 47,16 dollara enib.
SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəsmi nümayəndəsi İbrahim Əhmədov hesab edir ki, OPEK+ çərçivəsində razışlaşmanın əldə olunması imkanları tam tükənməyib: “Mənim fikrimcə, son iclasda razılıq əldə olunmamasına baxmayaraq, OPEC+ formatının aktuallığı tükənməyib. Ekspert birliyi bu qənaətdədir ki, formatın əsas məqsədləri olan neftin bazarda birgə tənzimlənməsi və neftin qiymətinin uzunmüddətli ucuzlaşmasının əngəllənməsi hədəfləri öz aktuallığını qorumaqda davam edir”.
O, qeyd edib ki, ehtimala görə, bəzi iştirakçılar neftin qiymətinin qısa müddətə ucuzlaşmasını məqsədəuyğun hesab edir: “Necə ki, uzaq 2014-cü ildə olduğu kimi, burada qeyri-ənənəvi neft istehsalçılarının, xüsusən sıx kollektorların neftlərinin, yəni şist neftin bazar mövqelərinə təzyiq arqumenti mövcuddur. Çünki onlar üçün itkisizlik həddi adi neft istehsalçılarına nisbətən daha yüksəkdir. Bu əsaslandırmanı əsas götürsək, çox güman ki, neft qiymətlərinin müvəqqəti enməsindən söhbət gedə bilər”.
İ.Əhmədovun dediyinə görə, SOCAR son illər qeyri-konvensional neftin hasilatına yatırımlar etməyib: “Bizim investisiyalarımız əsasən Azərbaycanda və ölkə xaricində neft emalı və neft-kimya komplekslərinə olub. Bu bizə biznes portfelimizi tarazlaşdırmağa və bir məhsul növündən asılılığı azaltmağa şərait yaradıb.
Beləliklə, aşağı qiymətlər səbəbindən xam neftin satışından itkilər olarsa, onda neft emalı və neft-kimya sahələrində marjanın artması ehtimalı var, çünki burada nefti qismən digər şirkətlərdən bazar qiymətinə alırıq. Beləliklə, son on ildə SOCAR əməliyyatların sabitliyinə nail olmaq və ümumi mənfəətin bir məhsul növündən asılılığını azaltmaq üçün mühüm işlər gördü.
Ümumiyyətlə, hesab edirəm ki, OPEC+ formatı aktuallığını saxlayacaq və gələcəkdə bazarın tələblərinə uyğun olaraq neft hasilatının məhdudlaşdırılması üçün ortaq kvotalar məsələsi yenidən qaldırıla bilər”(Report).
Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Suyehl əl-Mazrui OPEK+ çərçivəsində razılaşmanın əldə olunacağına ümidlidir: “"Əgər Rusiya razılaşarsa, OPEC+ çərçivəsində iyun ayına qədər görüş keçirilə bilər.Biz Rusiyaya bir qədər də vaxt verməliyik və ümid edirik ki, onlar qayıdacaqlar”.(İnterfaks)
Bu ümidli rəylərə baxmayaraq, sabah neft bazarı üçün çox ciddi itkilərin yaşanacağı gözlənilir. Səudiyyə Ərəbistanının və Rusiyanın hasilatı artırmaq niyyətləri+koronavirus səbəbilə dünyada azalan tələbat neftin qiymətinin qısa müddətdə 40 dollardan aşağı düşməsi ehtimalını hədsiz gücləndirib...

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu