Prezident qərar verdi, başçı “əhsən”i maliyyə idarəsinin rəisinə dedi – Gədəbəydə qəribə olay




Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev keçirdiyi iclasda rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədova Regional Xəzinə İdarəsini Gədəbəyə saldırdığına görə təşəkkür edib. Bildirib ki, Namiq Məmmədovun nazirlikdə nüfuzu çoxdur, ona görə də bütün sahələrin regional idarələri Şəmkirdə olmasına baxmayaraq, nazir Samir Şərifov şəxsən Namiq Məmmədovun şərəfinə Regional Xəzinə İdarəsinin Gədəbəydə yaradılmasına göstəriş verib.



AFN-ə sözügedən iclasla bağlı məlumat verən mənbənin sözlərinə görə, başçı bütün idarə rəhbərlərinə Namiq Məmmədov kimi öz nazirliklərində hörmət qazanmağı tövsiyə edib: “Qeyd olunan məsələ ilə baglı başçının ölkə rəhbərinə yox, hansısa bir məmura təşəkkür etməsini, onun siyasi savadsızlığının və Namiq Məmmədovun İbrahim Mustafayevə ömründə qazanmadığı pullar qazandırdığına minnət borcunun ayağına yazaraq digər məsələyə - Namiq Məmmədovun Maliyyə Nazirliyindəki nüfuzuna – diqqət yetirək. Görəsən, bu nüfuz nədən qaynaqlanır? Yaxşı iş göstəricilərindənmi? Rayon Maliyyə İdarəsinin fəaliyyəti büdcə vəsaitinə qənaət və büdcə xərclərinin icrası zamanı rüşvətxorluğa, korrupsiyaya yol verilməməsi ilə qiymətləndirilir. Amma kimsə deyə bilərmi ki, Gədəbəy rayon Maliyyə İdarəsinin bu göstəriciləri müsbət yüklüdür? Bəs onda oliqarxa çevrilmiş Namiq Nəmmədovun saysız-hesabsız mülkləri, avtomobilləri nəinki ölkədə, hətta ABŞ-da və başqa ölkələrdə olan müəssisələri, obyektləri, dəbdəbəli həyatı hansı vəsaitlə maliyyələşib? Cavab aydındır: nazir müavini Azər Bayramovun himayəsi ilə rayona ayrılan və talan olunan dövlət büdcəsinin vəsaiti hesabına. Namiq Məmmədovun nazirlikdəki nüfuzu da bu vəsait hesabina nazirlik rəhbərliyinə və əməkdaşlarına göndərilən sovqatları hesabına formalaşıb və bunu İbrahim Mustafayev bilməmiş deyil. İndi bu möhtərəm başçı digər idarə müdirlərinə deyir ki, gedin siz də Namiq Məmmədov kimi nüfuz qazanın! Yəni rəhbəri olduğunuz sahəni talayın, qazandığınızdan verin, hörmətiniz olsun. Bərəkallah sənə, “islahatçı başçı”.

Gədəbəy RIH İnformasiya təminatı və təhlil sektoru Qabil Muxtarov AFN-ə açıqlamasında belə bir təşəkkürün başçı tərəfindən səsləndirilmədiyini bildirdi. Onun sözlərinə görə, hər həftə RİH-də müxtəlif mövzularla bağlı iclas keçirilir: “Lakin o iclasların hansındasa Namiq Məmmədova təşəkkür edilməsi olmayıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu