“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “Danışan məktub” bədii filminin tiflo və surdo şərhi hazırlanıb.
Filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.
“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində filmin təqdimat mərasimi keçirilib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif sosial tədbirlərin həyata keçirildiyini bildirən nazir müavini “Danışan məktub” bədii filminin görmə və eşitmə məhdudiyyətli insanlar üçün uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.
Elmir Vəlizadənin sözlərinə görə, bu film müharibə dövründən bəhs etdiyi üçün hazırda da öz aktuallığını qoruyub saxlayır.
“Bu təqdimatın 3-6 dekabr tarixlərində təşkil olunan “Bakutel 2019” sərgisi çərçivəsində keçirilməsi də təsadüfi deyil. Məhz 3 dekabr tarixi Beynəlxalq Əlillər Günü kimi qeyd olunur”, – deyə nazir müavini vurğulayıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.
Sonra “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyası nümayiş etdirilib.
Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanılıb.