Səudiyyə Ərəbistanı İranla Yaxın Şərq ölkələri arasında "hücum etməmək" sazişi təklif edir
Səudiyyə Ərəbistanı ABŞ-İsrail və İran arasındakı müharibə tam başa çatdıqdan sonra rəsmi Tehran ilə Yaxın Şərq ölkələri arasında təhlükəsizliyə dair "hücum etməmək" sazişini müzakirə edir.
AFN.az "Financial Times"a istinadən xəbər verir ki, bu pakt ABŞ və Avropa ölkələrinin 1975-ci ildə SSRİ ilə imzaladığı Helsinki sazişləri modelinə əsaslanacaq. Mənbə qeyd edib ki, müqavilənin uğuru burada kimlərin iştirak edəcəyindən asılıdır və regionun əsas tərəflərindən olan İsrail bura daxil edilməsə, proses əks-effekt verə bilər.
Qəzetə danışan digər mənbələr Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) belə bir sazişə qoşulacağına şübhə ilə yanaşırlar. Buna səbəb BƏƏ-nin 2020-ci ildə imzalanmış "Abraam razılaşmaları"ndan sonra İsrail ilə sıx əlaqələrə malik olmasıdır. Bununla belə, Səudiyyə Ərəbistanı İran amilini nəzərə alaraq regionda sabitliyi təmin etmək üçün bu paktın imzalanmasında israr edir.



