Güllə təkcə Şəhla müəlliməyə deyil, bütün Azərbaycan müəllimlərinə dəydi
Güllə təkcə Şəhla müəlliməyə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi.
AFN.az xəbər verir ki, bunu bu gün "İdrak" liseyində şagirdin müəllimi güllələməsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndiyev bildirib. Onun sözlərinə görə, indiyədək müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi: "İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək. Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək. İtirən Azərbaycan təhsili olacaq".
Jurnalist Həbibə Abdulla isə bildirib ki, məktəb və müəllim şagirdin tərbiyəsindən uzaqlaşdırıldıqca, vəziyyət ağırlaşacaq: "Ağlımız kəsəndən məktəbə təlim-tərbiyə ocağı deyildiyini eşitmişik, belə də görmüşük. İndi isə yeni tendensiya yaranıb: müəllim şagirdə tərbiyə verməli deyil, tərbiyə valideynin məsuliyyətidir! Niyə? Elədirsə, niyə yaxşı bir iş görən, uğur qazanan adama "Müəlliminə əhsən" deyirik? Müəllim tək dərs deyib sinifdən çıxmamalıdır, müəllim həm də uşaqların tərbiyəsinə təsir etməlidir.
Mən də müəllim övladıyam, vaxt var idi atamın dərs dediyi şagirdlərin valideynləri qapımıza gəlirdilər, yalvarırdılar ki, övladını filan vərdişdən uzaqlaşdırmağa kömək etsin. İndiki valideynlər isə müəllimə yalvarmaq bir yana, hədə-qorxu gəlirlər ki, mənim uşağıma güldən ağır söz demə. Təbii ki, müəllim uşağı döysün, söysün, alçaltsın demirik, amma müəyyən imtiyazlar da verməliyik valideyn olaraq özümüz. Ki, övladımıza yaxşı mənada təsir edə bilsin müəllim. Övladlarımın ibtidai sinif müəllimlərinə həmişə deyirəm ki, ixtiyar sahibisən, bir tərbiyəsizliyi, dərs şəraitini pozmağa yönəlmiş hərəkəti olanda tənbeh et! Asmır, kəsmir, müəllim də bir anadır, atadır, insandır, ətini yeyəsi deyil övladlarımızın. Ən azı övladımız da anlayar, başa düşər ki, məktəbdə, sinifdə, müəllimin yanında düzgün davranmalıdır. Yox, əgər biz müəllimə "uşağıma gözün üstə qaşın var demə" desək, nəticə ən yüngül halda dünənki, bugünkü hadisələr olacaq. Bir daha deyirəm, məktəb və müəllim şagirdin tərbiyəsindən kənalaşdırılmamalıdır! Qətiyyən!"
ATABƏY


