Azərbaycanda Qurban bayramıdır

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır.
Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.
Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınır. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08:00, Təzəpir məscidində isə 09:00-a təyin edilib.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, qarşılıqlı hörmətinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
İslam qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər – bir hissə qurban kəsən şəxsin ailəsinə, bir hissə yaxın qohumlara, digər hissə isə ehtiyacı olanlara paylanır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Müqəddəs Qurban bayramı münasibətilə müxtəlif mərasimlər keçirilir. Bu çərçivədə aztəminatlı ailələrə, məcburi köçkünlərə, şəhid ailələrinə və sosial müdafiəyə ehtiyacı olan şəxslərə qurbanlıq əti və bayram sovqatı paylanır.
Qurban bayramınız mübarək olsun!