Son 4 ayda kartlardan 6 milyon manat oğurlanıb: ekspertdən Mərkəzi Banka ÇAĞIRIŞ


“Ötən gün Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən DİN-in İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb”.



Bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bir çoxları, ümumiyyətlə, kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay kartlardan təxminən 2 milyon manat talanır. O.Gündüzün sözlərinə görə, normalda bu açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməli idi. Lakin hələlik bunlar müşahidə olunmur: "Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq. Bu nə vaxta qədər belə davam edəcək? Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək? Fikrimcə, nə qədər faydalı və vacib olsa da, maarifləndirmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq”.





Mütəxəssis çıxış yolları ilə bağlı təkliflərini qeyd edib: “Birincisi, ən çox oğurluq olan banklar haqqında məlumatlar, şübhəsiz ki, Mərkəzi Bankda və DİN-dədir. Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi. Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq.



DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, DİN-ə qarşı da müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın. Belə olan halda isə, bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.



İkincisi, Mərkəzi Bank qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.



“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.



Üçüncüsü, banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.



Maraqlıdır ki, mövcud hüquqi normalara görə, kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyə bir müddəa yoxdur.



Dördüncüsü, mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.



Beşincisi isə, fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu