BMT: 2022-ci ildə dünya üzrə insan alveri 25 faiz artıb


BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) insan alverinə dair hesabatında qeyd edib ki, insan alveri 2022-ci ildə COVID-19-dan əvvəlki ilə müqayisədə 25 faiz artıb.



Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən UNODC-nin hazırladığı “2024 Qlobal İnsan Alveri” hesabatı ictimaiyyətlə paylaşılıb.

Hesabatda uşaqların və böyüklərin məcburi əmək və cinayətə cəlb edilməsi məqsədi ilə insan alverində ciddi artım olduğu, insanların xüsusilə yoxsulluq, münaqişələr və iqlim şəraiti səbəbindən insan alveri şəbəkəsinə düşmə ehtimalının daha yüksək olduğu vurğulanıb.

Qlobal miqyasda insan alverçilərinin qurbanı olma nisbətinin pandemiyadan əvvəlki ilə müqayisədə 2022-ci ildə 25 faiz artdığına diqqət çəkən hesabatda, xüsusilə 2019-2022-ci illər arasında məcburi əmək üçün qaçırılan şəxslərin nisbətinin 47 faiz olduğu ifadə edilib.

Hesabatda uşaq qurbanlarının nisbətinin 31 faiz artdığı, qızların nisbətinin isə 38 faiz olduğu, inkişaf etmiş ölkələrdə insan alverçilərinin tələsinə düşən uşaqların daha çox istismar edildiyi vurğulanıb.

Hesabatda 2022-ci ildə 74 min 785 nəfərin insan alveri şəbəkəsinə düşdüyü, qurbanların 61 faizinin qadın və qızlar olduğu bildirilib.

Bildirilib ki, mütəşəkkil cinayətkar qruplar tərəfindən oğurlanan oğlanların 45 faizi işləməyə, 47 faizi isə müxtəlif cinayətlərə, xüsusən də dilənçiliyə məcbur edilib.

Hesabatda ən çox şikayətlərin Afrika qitəsi ölkələrində yaşandığı, 2009-cu ildən bu yana iki ildən bir dərc edilən hesabatın 156 ölkəni əhatə etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu