Nəhəng dolu dənələrinin içi təsvir edilib: Fırtına proqnozlarında istifadə olunacaq
Alimlər ilk dəfə nəhəng dolu dənəsinin içini yüksək dəqiqlikdə təsvir ediblər. Tapıntıların böyük fırtınalarda dolu dənələrinin ölçüsünü proqnozlaşdırmağa kömək edəcəyi gözlənilir.
Fırtınalar zamanı buludun həddindən artıq soyuq bölgəsində yağış damcıları donduqda dolu dənələri əmələ gəlir. Cazibə qüvvəsinin təsiri ilə ağırlaşan bu parçalar düşməyə başlasa da, digər damcıların da qatılması ilə tədricən böyüyür.
Kataloniya Meteorologiya Xidməti və İspaniyanın Barselona Universitetinin tədqiqatçıları diametri 12 santimetrə çatan dolu dənələrini tədqiq edərək, bu böyük buz parçalarının daxili strukturlarını indiyədək ən detallı şəkildə ortaya qoyublar. Nəticələr 6 dekabrda "Frontiers in Environmental Science" jurnalında dərc edilib.
Araşdırma 2022-ci ildə İspaniyanın şimal-şərqində şiddətli fırtına zamanı yağan nəhəng dolu dənələrinə diqqət yetirir. Bu dənələr bir uşağın ölümünə və onlarla insanın yaralanmasına səbəb olub. Tədqiqatçılar bu nəhəng buz parçalarının daxili quruluşunu tədqiq edərək onların əmələ gəlməsi prosesləri haqqında daha çox məlumat əldə etməyi hədəfləyiblər. Halbuki indiyədək iri dolu dənələri adətən kəsilərək analiz edilirdi.
Bu dəfə alimlər stomatoloji klinikada kompüter tomoqrafiya cihazından istifadə edərək 14 dolu dənəsinin cəmi 512 şəklini əldə ediblər. Araşdırmanın baş müəllifi Prof. Xavier Ubeda "Biz nümunələri pozmadan dolu daşlarının daxili təbəqələri haqqında daha çox məlumat verəcək bir texnikadan istifadə etmək istədik. Belə aydın görüntülər alacağımızı gözləmirdik" deyib.
Əldə edilən görüntülər kənardan mükəmməl kürə kimi görünən dolu daşlarının daxili quruluşunun kifayət qədər nizamsız olduğunu ortaya çıxarıb. Maraqlıdır ki, forma baxımından ən vahid görünən buz parçalarının özəyi mərkəzdə yerləşmirdi. Bu araşdırma göstərir ki, dolu daşları bütün istiqamətlərdə bərabər böyümür və cari fərziyyələrə yenidən baxılmalıdır.
Məqalənin başqa bir müəllifi Karme Farnell Barque dolu daşlarının ən qalın hissəsinin fırtına daxilində müxtəlif hündürlüklərdə hərəkət edərkən deyil, yağarkən əmələ gəldiyini qeyd edib. Tədqiqatçılar deyirlər ki, bu yeni tapıntılar sayəsində onlar oxşar intensivliyə malik fırtınalarda dolu daşlarının necə əmələ gəldiyini daha yaxşı təxmin edə bilirlər. Beləliklə, bu buz parçalarının vurduğu ciddi zərərin qarşısını almaq mümkün ola bilər.
Tədqiqatın müəlliflərindən biri olan Tomeu Riqo “Biz böyüyən dolunun hər qatını fırtınanın təkamülünə dair radar məlumatları ilə əlaqələndirə bilər, bu məlumatlardan gələcək fırtınaları proqnozlaşdırmaq üçün istifadə edə bilərik" deyib.
Mənbə: BBC