Bosniya və Herseqovinada daşqın - Ölənlərin sayı 26-ya çatıb


Bosniya və Herseqovinada oktyabrın 4-də baş verən sel və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 26-ya yüksəlib.



Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə İdarəsi Konjic şəhərinin Buturovic Polje kəndində itkin düşən şəxslərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Bildirilib ki, 11 gün əvvəl ölkədə baş vermiş və infrastruktura külli miqdarda ziyan vuran təbii fəlakətdən sonra bütün rayona elektrik enerjisi verilsə də, telefon və supaylayıcı şəbəkədə təmir işləri davam etdirilir. Axtarış-xilasetmə işlərinə və dağıntıların təmizlənməsinə kömək etmək üçün mindən çox könüllü bölgəyə axın edib.

Təbii fəlakətdən ən çox zərər çəkən və 19 nəfərin həyatını itirdiyi Yablanica şəhərində həyatını itirənlər üçün bu gün kütləvi cənazə namazı qılınacaq. Cənazə namazından sonra cənazələrin dəfn işləri icra ediləcək.

Qeyd edək ki, Bosniya və Herseqovinada oktyabrın 4-dən cümə axşamına keçən gecə baş verən və Yablanica, Kiseljak, Fojnica, Kresevo və Konjiç şəhərlərində təsirli olan leysan yağışları sel, daşqın və torpaq sürüşməsinə səbəb olub. Ən çox insan tələfatının baş verdiyi Yablanitsanın Donja Yablanitsa kəndində daş karxanası uçub, dağıntılar kənddəki evlərin və maşınların üzərinə yığılıb.

Sel fəlakəti turistlərin böyük marağına səbəb olan zümrüd yaşıl Neretva çayının çirklənməsinə və selin daşıdığı dağıntılarla dolmasına səbəb olub.

Bosniya və Herseqovinada son illərin ən böyük daşqın fəlakəti Balkanları və Avropanın əksər hissəsini təsir edən şiddətli quraqlıqdan sonra baş verib. Mütəxəssislər yay boyu təsirli olan quraqlığın sel sularının asanlıqla udulmasına mane olduğunu və selin həcmini artırdığını bildiriblər.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu