Taxtdan imtina edən Danimarka kraliçası titulundan istifadə etməyə davam edəcək
Danimarka kraliçası II Marqret yanvarın 14-də taxtdan imtina etdikdən sonra titulunu qoruyacaq.
Avropanın ən uzun müddət hakimiyyətdə olan monarxı II Marqret taxtdakı yerini oğluna buraxdıqdan sonra ölkədə iki kraliça olacaq.
Vəliəhd şahzadə Frederik kral titulu aldıqdan sonra həyat yoldaşı Kraliça Mary titulundan istifadə etməyə başlayacaq.
Danimarkanın baş naziri Mette Frederiksen yeni monarxı balkon çıxışı ilə təqdim edəcək.
Kraliça II Marqret Yeni il çıxışında oğlu Şahzadə Frederikə yer açmaq üçün taxt-taca çıxmasının 52-ci ildönümündə, yanvarın 14-də taxtdan imtina etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, Danimarkanın 83 yaşlı kraliçası II Marqret 1972-ci ildə taclanıb.