Çində cərrahiyyə əməliyyatı zamanı həkim xəstəyə yumruq atıb
Çində həkim 82 yaşlı xəstəni göz əməliyyatı zamanı yumruqlayıb. Hadisənin görüntüləri yayımlandıqdan sonra araşdırmalara başlanılıb.
Əməliyyat otağının təhlükəsizlik kamerasına düşən görüntülərdə həkimin 82 yaşlı qadın xəstənin üzünə 3 yumruq vurduğu, sonra xəstənin yerindən tərpəndiyi zaman tibb bacısının müdaxilə etdiyi görülüb.
Xəstəxananın çətir təşkilatı olan AIER Eye Hospital Group, hadisənin baş verdiyi anda mərkəzə məlumat verilmədiyini, lakin görüntülər ortaya çıxdıqdan sonra həkimin vəzifəsindən uzaqlaşdırıldığını və xəstəxana müdirinin işdən çıxarıldığını açıqlayıb.
Açıqlamada lokal anesteziya ilə əməliyyat olunarkən dəfələrlə başını və gözlərini tərpədən xəstəyə həkimin başqa dildə danışdığını əsas gətirərək kobud güclə müdaxilə etdiyi bildirilib.
Xəstəxana rəhbərliyinin əməliyyatdan sonra üzr istədiyini və 500 yuan təzminat ödədiyini bildirən qadının oğlu yerli mətbuata açıqlamasında anasının sol gözünün kor olduğunu, lakin bunun səbəbinin məlum olmadığını bildirib.
Görüntülər dərc edildikdən sonra səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.