İqlim dəyişikliyi yeni ticarət yollarını gündəmə gətirə bilər


Dünya ticarətində alternativ dəhliz və marşrutların müəyyənləşdirilməsi, qlobal inkişaflar, geosiyasi risklər və siyasi proseslərlə yanaşı, iqlim dəyişikliyi ilə əlaqədar qütblərin əriməsi səbəbindən yeni ticarət yollarının gündəmə gəlməsi mümkündür.


Boğazlar və kanallar yerləşdikləri ölkələrin strateji mövqeyinə təsir edir. Süveyşlə yanaşı, sonradan inşa edilən Panama və Nikaraqua kanalları gəmilərin dəniz yollarında qət etdikləri məsafələri qısaldır, eyni zamanda təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldır. Bu mənada dünyada 50-yə yaxın mühüm kanal var.

Sözügedən kanallardan biri olan Panama suyun səviyyəsini aşağı salan quraqlıq səbəbiylə gündəmə gəlib. Bu situasiya iqlim dəyişikliyinin ticarət yollarına mümkün təsirləri haqqında müzakirələrə yol açıb. Panama kanalı nümunəsinə əsaslanan ekspertlər gələcəkdə qütb buzlaqlarının əriməsinin yeni ticarət yollarını ortaya çıxara biləcəyini proqnozlaşdırırlar.

Avrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Turqut Kerem Tuncel Anadolu Agentliyinə (AA) bildirib ki, bu vəziyyət təkcə geosiyasi məsələlərə görə deyil, həm də iqlim dəyişikliyinə görə ticarət yollarının şaxələndirilməsinin vacibliyini bir daha göstərir: "Təbii ki, qütblərin əriməsi məsələsi də var. Arktika regionunda nəqliyyat xətlərinin açılması uzunmüddətli perspektivdə gündəmə gələ bilər. Artıq Rusiya, Çin, ABŞ və Skandinaviya ölkələri arasında mübarizə başlayıb. Alternativ yolların inkişafı qlobal ticarət üçün vacibdir. Bu kontekstdə öz coğrafiyamıza nəzər salsaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyədən keçərək Asiya ilə Avropanı quru yolu ilə birləşdirən Orta yolu təmin etmək daha çox funksional qlobal ticarətin rəvan davam etməsi baxımından əhəmiyyətli bir addım olacaq".

Tuncel Panama kanalının işləməməsi halında dəniz nəqliyyatında yeganə alternativin Argentinanın cənub ucu ilə Antarktida arasındakı Dreyk keçidi olacağını və ya quru yolu ilə əlaqənin təmin ediləcəyini, lakin hər iki halda nəqliyyat xərclərinin artacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu