Putin peşmançılıq etirafı etdi: “SSRİ-nin bərpası mümkün deyil”


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov SSRİ-nin yenidən qurulmasını qeyri-mümkün hesab edir.


“Prezident Vladimir Putin deyib ki, Sovet İttifaqına heyfi gəlməyənin ürəyi yoxdur, Sovet İttifaqını bərpa etmək istəyənlərin isə başı çatmır. Mənə elə gəlir ki, SSRİ-nin yenidən qurulmasından danışanların mumlu münasibətinin ən dolğun izahı budur. Bu, mümkün deyil” - AFN.az-ın xəbərinə görə, Peskov “İzvestiya” qəzetinə açıqlamasında belə deyib. Eyni zamanda o, keçmiş SSRİ ərazisində tətbiq oluna biləcək inteqrasiyanın müxtəlif formalarının olduğunu qeyd edərək, Rusiya və Belarusun İttifaq dövlətini misal çəkib.
“Yaxın tariximizdə ittifaq müqaviləsinin icrası ilə bağlı sürüşmələr oldu. Lakin sonra yüksək dinamika ilə həyata keçirilməyə başlayan milli proqramlar hazırlandı. Bu, tamamilə ölkələrimizin maraqlarına uyğundur, həm prezident Putin, həm də prezident Aleksandr Lukaşenko bu barədə danışıblar”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Peskovun bu açıqlaması səbəbsiz deyil və ciddi mesajları özündə əks etdirir. İlk növbədə, SSRİ-nin bərpası ilə bağlı Peskovun Putinin adından söylədiyi ifadə Leninqrad şəhərinin sabiq meri, mərhum Anatoli Sobçaka məxsusdur. SSRİ-nin bərpasının mümkünlüyü ilə bağlı Sobçakın vaxtı ilə dediyi fikrin əslini postsovet məkanında hamı yaxşı bilir və bu, siyasi leksikonda geniş yayılıb: “SSRİ-nin dağılmasına sevinən adamın ürəyi yoxdur, SSRİ-nin bəprasını istəyənin ağlı yoxdur”-Sobçak belə deyib.
Peskov isə Sobçakın fikirlərini mədəni şəkildə oğurlayıb və Putinin adına yazıb. Görünür, bu açıqlamanı Peskov Rusiya Prezidentinin göstərişi ilə verib. Səbəb isə kifayət qədər aydındır. Ukraynaya qarşı işğalçılıq müharibəsini SSRİ-ni bərpa etmək məqsədilə başlayan və yüz minlərlə insanı qurban verdikdən sonra məğlub duruma düşən Vladimir Putin vəziyyətdən çıxmaq üçün Sobçakın fikirlərini mənimsəməyə qərar verib. Ukraynadakı müharibəni “SSRİ-2” planı ilə başladan Putin indi Sovet İttifaqının bərpasını istəyənlərin başının çatmadığını iddia edirsə, bu məntiqlə Xüsusi hərbi əməliyyat”a başlamaq əmri imzalayanda onun əqli vəziyyəti normal olmayıb. SSRİ-nin bərpasının mümkün olmadığını bilmək üçün siyasətçi olmağa ehtiyac yoxdur. Normal düşüncəsi, ağlı yerində olan hər kəs tarixin təkərini geri çevirmək istəyənlərin bu təkərin altında qala biləcəyini anlayır. Putin indi möhkəm əzilib və ona görə də Peskovun açıqlaması onun peşmanlığının etirafı kimi başa düşülə bilər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu