“18+ görüntüləri paylaşılan adamlar...” - qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA
Milli azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı efirdə gözlənilməz addım atması ilə gündəm olub. Belə ki, 61 yaşlı siyasətçi Müsavat TV-nin canlı efirində başıüstə dayanıb.
N.Pənahlı aparıcının xahişindən sonra yoqa hərəkətini nümayiş etdirib. Ötən gün isə bu kadrlar dərhal gündəmi zəbt etdi. Məsələni hərə bir cür şərh etdi.
“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan siyasətçinin böyük qızı Xatirə Pənahlı atasını gülüş hədəfinə çevirənləri sərt tənqid edib:
“Bu gün sizlə gündəm olan video haqqında danışmaq istəyirəm. Hansı ki, bütün dərdlərinizi unutdurdu bir anlıq. Güldünüz, əyləndiniz. Çünki, bu sizin daim acizliyinizdən etdiyiniz ən gözəl uğraş olub. Çoxunuzun təhqirlərini belə oxudum. Var olun.
Təhqir nədir ki, mən gözləyirdim ki, evimizin qabağına hücum edib bizi daş-qalaq edəsiniz. Axı çox böyük bir hadisə baş verib. Nemət Pənahlı yetim haqqı yeyib. Xalqın milli və mənəvi kimliyi ilə oynayıb. Axı niyə etməyəsiniz? Yanıltdınlz məni. Əfsus!
Siz ki, məlum siyasətçinin qızının videoları yayıldıqda özgürlük nərələri atırdınız. Siz ki, humanist idiniz?! Müdafiəyə qalxmışdınız, haqq-nahaq, gizli və açıqdan mühazirələr verirdiniz… Nə oldu ki, indi bu qədər aqressivləşdiniz?
Bilirsiniz niyə? Çünki Nemət Pənahlıda idman eləməyindən başqa əlinizə daş alıb üstünə tuşlayacağınız başqa günahlar tapa bilmədiniz”.
X.Pənahlı sözügedən videoların paylaşıldığına, Nemət Pənahlının ələ salınmasına üzülmədiyini qeyd edib:
“Nemət Pənahlının altı bütün Azərbaycana örnək olacaq övladı var. Hansı biri ilə onu ələ salasınız, ya da təhqir edəsiniz. Bir siyasətçinin siyasəti ilə sevilməməsi başa düşüləndir. Sevəni olacaq, sevməyəni olacaq. Ancaq dişinizi qıcayıb onu aşağılayacağınız, ya da alçaldacağınız şeyi necə də böyük həsrətlə gözləyirmişsiniz ki, çox sadə və bəsit video ilə ölkədə gündəm edə bilirsiniz.
Nemət Pənahlı - onun namusu və əxlaqı ilə ad eləmiş qızı olan mənəm!
Nemət Pənahlı- əzmi və gücü ilə dəfələrlə dünya çempionu olmuş oğlanlarıdır.
Nemət Pənahlı- dişini qıcayıb dizinin bükülməsini gözləyən bu xalqa rəğmən həbsxana yollarında altı biri digərindən üstün övlad böyüdən xanımıdır.
Siz hara Nemət Pənahlını aşağılamaq, ya da ələ salmaq hara?
Əgər illah da birini ələ salmaq istəyirsinizsə nə qədər bəsitləşdiyinizi düşünüb, nə qədər zavallı olduğunuzu təfəkkür edib aynanı qarşınıza qoyub özünüzə baxın. Çünki haqqı yeyilən sizsiniz! Haqqınızı yeyən də Nemət Pənahlı deyil!
Bəlkə də elə bilirsiniz ki, biz ailəcə matəm elan etmişik ki, niyə atamızın bu videosu paylaşılıb. Əsla. Şəxsən öz adıma deyirəm ki, mən ömrüm boyu atamın əxlaqı ilə fəxr etmişəm ki, onun nə özünün, nə də ailəsinin əxlaqına toz belə qondurmaq mümkün deyil. Buna bu gün bir daha əmin oldum. Üzülmədim, üzülmürəm. Üzülürəm sadəcə millətim üçün ki, nədən özünün, ailəsinin 18+ görüntüləri paylaşılan adamlar bu qədər gündəm olmur. Əcaba bizdə artıq əxlaqsızlıq, yoqadan daha sıradan bir halmıdır. Bax bunu düşünürəm”.