Hörümçək qalmaqalı böyüyür - “Məsul şəxs onlardır”


Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu hörümçək sözünün 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına görə onu tənqid edənlərə cavab verib.


M. Nağısoylu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hörümçək sözünün lüğətdən çıxarıldığını deyənlərin bu məsələ ilə bağlı qərəzi var: “Bildirmək istəyirəm ki, hörümçək sözü texniki olaraq lüğətdə unudulub. Lüğətin 266, 267-ci səhifələrində hörümçəkkimilər, hörümçəyəbənzər sözləri var.

İkincisi isə “spayder” sözünün təkcə hörümçək mənası yoxdur. 2016-cı ildə yeni sözlər lüğəti çıxıb. Orada spayder avtomobilqayırmaya aid olan söz kimi göstərilir. Söhbət millilikdən gedirsə, məni ittiham edənlərə bildirmək istəyirəm ki, lüğətin ön sözünə baxsınlar. Orada hansı alınma sözlərin milli sözlərlə əvəz edildiyini yazmışam.

Bundan əlavə isə istənilən orfoqrafiya lüğətlərində texniki cəhətdən hansısa sözlər unudula bilər. Lüğətin elmi redaktoru olsam da, bu lüğətin hazırlanmasında 12 nəfər iştirak edib. İki məsul redaktor var. Texniki məsələlərə məsul olan şəxs onlardır. Bunlar İsmayıl Məmmədli və Nəriman Seyidəliyevdir. Mən isə çalışmışam ki, lüğətdə milliliyi qoruyub saxlayım".

***

Lüğətə "spayder” sözünü əlavə edən Ləman Qasımlı “demokrat.az”a açıqlamasında məsələyə belə münasibət bildirib:

“Mənim bu müzakirələrdən xəbərim yoxdur. "Hörümçək" sözü lüğətdən çıxa bilməzdi. "H” hərfinin müəllifi mən deyiləm. Bu hərflə başlayan sözləri başqa adam tərtib etmişdi. Bu texniki səhv ola bilər. Söz çıxmamalı idi. "Spayder" sözünü lüğətə ona görə əlavə etmişəm ki, ölkəmizdə də məlum cizgi filmi qəhrəmanına görə çox işlək hal alıb. Bu xüsusən uşaqlar arasında işlək sözdür. Ona görə bu sözü lüğətə saldım”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu