Biləsuvarda polisə müqavimət göstərən şəxsə hökm oxunub
Biləsuvar Rayon Məhkəməsində polisə müqavimət göstərməkdə təqsirləndirilən İlqar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sonuncu məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 19-da Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, araşdırmalarla Daxili İşlər Nazirliyinin "102" xidmətinə daxil olan müraciət əsasında Biləsuvar RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Vüsal Adışovun hadisə yerinə çıxıb, xidməti vəzifələrini icra edərkən rayon sakini İ.Rəsulovun ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İ.Rəsulovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 10,253 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İ.Rəsulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.