Uçot dərəcəsinin artırılması daha doğru addım olardı - EKSPERT




Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün keçirilən iclasında uçot dərəcəsinin 7,25 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.



Mərkəzi Bankın bununla bağlı verdiyi açıqlamaya görə, faiz dəhlizinin yuxarı həddi 9 faiz saxlanılıb, aşağı həddi isə 5,5 faizdən 6,75 faizə qaldırılıb: “Yaranmış vəziyyətdə Azərbaycan Mərkəzi Bankı qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır".
Bankın qərarı bu gündən qüvvəyə minib. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq.
Mərkəzi Bankın qərarını şərh edən iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, dünyanın aparıcı Mərkəzi Banklarının uçot dərəcəsini aşağı salması (ABŞ, Koreya, Braziliya) və ya bunu planlaması (Avropa Birliyi, Yaponiya) Azərbaycanda da analoji gözlənti yaratmışdı: “Ancaq Mərkəzi Bank düzgün olaraq uçot dərəcələrini aşağı salmadı. Adıçəkilən ölkələrdə istehlak qiymətləri indeksinin səviyyəsi aşağı olduğundan onlar milli valyutanı ucuzlaşdırmaq yolu ilə iqtisadi aktivliyi təmin etməyə hədəfləniblər. Azərbaycanda isə rəsmi inflyasiya səviyyəsi aşağı (2,9 faiz) olsa da, bu göstərici dayanıqlı deyil. İdxaldan yüksək asılılığımız məzənnə dəyişməsinin inflyasiyaya daha çox təzyiq göstərməsini şərtləndirir. Bu baxımdan, monetar yumşalma kövrək sabitliyi poza bilər. Uçot dərəcələrini iki gün öncə 1 faiz bəndi aşağı salan qonşu Türkiyədən (bu ölkə də yüksək inflyasiya təzyiqi altındadır) fərqli olaraq, digər qonşumuz olan Rusiya hələ ki gözləmə mövqeyindədir. Rusiya Mərkəzi Bankının tezliklə baş tutacaq iclasından əsas gözləntilər uçot dərəcəsinin artırılması ilə bağlıdır”.
Ekspertin fikrincə, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini aşağı salmaması doğru addım idi, ancaq onu artırmağı daha məqsədəuyğun olardı: “Düzdür, Mərkəzi Bank artıma yönəlik addım da atıb. Uçot dərəcəsinin aşağı həddini 1,25 faiz bəndi artıraraq 6,75 faizə yüksəldib. Bu vaxta qədər yuxarı və aşağı hədd uçot dərəcəsinə bağlı idi (±1,75 faiz) və onun dəyişməsi avtomatik olaraq tavanları da dəyişirdi. Ancaq indi aşağı tavanı yuxarı qaldırmaqla bankların hərraclara marağını artırıb. Belə ki, bu artımdan sonra Mərkəzi Bankın depozit hərraclarında cəlb edilən vəsaitlərin illik faizi indiki 5,51 faizdən təxminən 6,76 faizə yüksələcək. Eyni artım Mərkəzi Bankın qısamüddətli notlarında da baş verəcək. Bu isə bankların son iki hərracda azalan marağını artıracaq. Martın əvvəlindəki hərraclarda tələb təklifi 6 dəfədən çox üstələdiyi halda son iki hərracda bu göstərici 3 dəfəyədək azalmışdı. Belə vəziyyətdə tənzimləyici qurum bankların əlindəki manat vəsaitlərini valyuta bazarından çəkindirməklə manata olan təzyiqi minimum endirmiş oldu. Ona görə də bu qərarı “gözləmə+” kimi də adlandırmaq olar. Yəni dərəcə dəyişmir, amma artıma yönəlik addımlar atılır”.
S.Əliyev hesab edir ki, əslində Mərkəzi Bank 2015-ci ildə olduğu kimi, yenə gözləmə mövqeyindədir: “Açıqlamada bu qərarın başlıca olaraq qlobal mühitdə yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edildiyi bildirilir. Açıqlamadan belə nəticə çıxartmaq olar ki, Mərkəzi Bank və ümumilikdə hökumət vəziyyətin tezlikdə dəyişəcəyinə, neftin yenidən bahalaşacağına ümid edir. Halbuki proqnozlar hələ ki bu gözləntini təsdiq etmir. Koronavirus problemi həll olunsa belə, neftin yenidən 50-60 dollar səviyyəsinə qalxacağı ehtimalı azdır. Bu isə indidən ehtiyat tədbirlərin görülməsini zəruri edir. Mərkəzi Bank eyni zamanda dərəcənin artmamasını pul bazasının ilin əvvəlindən 11 faiz azalması fonunda monetar şəraitin sərtləşməyə başlandığını qeyd etməklə əsaslandırıb. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın növbəti qərarı mayın 1-də olacaq. Bu müddətdə gözlənilməz çoxlu hadisələr ola bilər: bir sıra malların qıtlığı fonunda inflyasya təzyiqinin artması, hökumətin sahibkarlara (vergi tətili, güzəşti, güzəştli kredit) və əhaliyə (kredit ödənişi tətili və s) yönəlik əlavə sosial paketi işə salması, bəzi qruplarda, məsələn, həkimlərin maaş artımı və s. Bütün bunlar bazarda manat kütləsini artıran amillərdir. Deməli, pandemiya problemi və neftin aşağı qiyməti həllini tapmazsa, Mərkəzi Bankın növbədənkənar faiz artımı iclasının keçirilməsi istisna deyil”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə qərarı şərh edərkən bildirib ki, pul siyasətində manatın məzənnəsi makroiqtisadi vә maliyyә sabitliyinin əsas lövbәri kimi qəbul edilir: “Pul siyasәti qiymәt sabitliyinә əsaslanır. Mərkəzi Bankın hesablamalarına görə, manatın möhkәmlәnmәsinin qiymәtlәrә azaldıcı tәsiri ilә müqayisәdә onun ucuzlaşmasının artırıcı tәsiri daha yüksәkdir. Ötən ilin sonlarına yaxın manata olan bahalaşma təzyiqləri, hazırda əks istiqamətdə fəaliyyət göstərir. Valyuta bazarında tələb-təklif, tәdiyә balansına neftin aşağı qiymətinin təsiri və dollarlaşma meyilləri bu sıradadır. Digər tərəfdən də inflyasiyaya cilovlayıcı təsir göstərən amillər mövcuddur. FAO-nun Qida Qiymətləri İndeksi (FFPI) 2020-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 1 faiz azalıb. İndeksi təşkil edən dörd məhsul – taxıl, süd, ət və bitki yağı ucuzlaşıb, yalnız şəkər bahalaşıb. Qeyri-әrzaq mәhsulları vә xidmәtlәr üzrә də tələbin azalması qiymətlərin ucuzlaşmasına təsir edir. Belə bir şəraitdə Mərkəzi Bank uçot dərəcəsini dəyişməməklə balanslaşdırıcı qərar qəbul edib. Pul siyasətinin qarşısında bir tərəfdən monetar şəraiti sərtləşdirməmək, digər tərəfdən isə manatın məzənnəsi və qiymət sabitliyini təmin etmək kimi vəzifələr dayanır”.
Mərkəz rəhbəri də hesab edir ki, faiz dəhlizinin aşağı həddinin 5,5 faizdən 6,75 faizə qaldırılması kommersiya banklarının Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında iştirakını stimullaşdırılır: “Çünki faiz dəhlizinin aşağı həddi depozit hərraclarında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsini müəyyənləşdirir. Beləliklə, faiz dəhlizinin aşağı həddi artmaqla, depozit hərraclarında əqdlər üzrə orta faiz dərəcəsini də 1,25 faiz çoxaldacaq. Bir sözlə, Mərkəzi Bankın cəlb etdiyi manat kütləsi kommersiya bankları üçün daha cəlbedici olacaq, manat kütləsinin sterilizasiyası üçün daha əlverişli şərait yaranır. Dollarlaşma təzyiqini nəzərə alanda, hazırda dövriyyədə manat kütləsinin idarə edilməsi çox əhəmiyyətlidir.”

AFN-in İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu