Koronavirus... Neft... Azərbaycan... Adekvatlıq...




Hesab edirəm ki, artıq hər birimiz koronavirusun nə olduğunu bilirik. Hətta koronavirus sözünün bitişik yazıldığını da bilirik.



2015-ci ildə ölkəmizdə devalvasiya olan zaman bir yazı yazmışdım ki, bizim böhranların idarə edilməsi vərdişlərimiz zəifdir, inkişaf etməyib. Bu yaxşı hal deyil. Birincisi ona görə ki, biz müharibə şəraitində olan dövlətin vətəndaşlarıyıq, hər an hər şey ola bilər, ayıq-sayıq olmalıyıq. İkincisi, aktiv seysmik zonada yerləşirik. Zəlzələlər ildə bir neçə dəfə bizi yaxşıca silkələyir və dəfələrlə şahidi olmuşuq ki, belə hallarda özümüzü itirmişik. Üçüncüsü, neft ölkəsiyik, iqtisadiyyatımız neftdən asılıdır, neft dünya bazarlarındakı vəziyyətdən, dünya bazarları da bir neçə adamın yazısından, ya da danışığından asılıdır. Yəni ki, heç bir halda bizdən asılı deyil. Dördüncüsü, dünyanın harasından “daş atsalar” gəlib Qafqaza düşür. Qafqazın isə “ağsaqqalı” Azərbaycandır. Ağsaqqallığın da öz öhdəlik və məsuliyyəti vardır. Biz hər bir vəziyyətə hazır olmalıyıq. Böhran idarəçilərimiz olmalıdır. Özü də çox sayda və müxtəlif sahələr üzrə. Bu sahədə dövlətin üzərinə ciddi bir iş düşür. Kadr yetişdirilməlidir.
2011-ci ildə Yaponiyanın Miyaqi perfekturasında 8,9 ballıq zəlzələdən sonra Fukuşima-1 atom elektrik stansiyası zədələndi və ölkədə ciddi bir fövqəladə vəziyyət halı yarandı. Lakin yaponlar təlaşlanmadan, təmkinlə, səbrlə bu böhranı sürətlə aradan qaldırdılar. Elə götürək bu virusun “anadan olduğu” Çinin Uhan şəhərini. Onlar da təlaşa düşmədən qısa zamanda bu problemin öhdəsindən gəldilər. Artıq Çin öz “koronavirus qənimləri”ni İtaliyaya ezam etdi.
Lakin biz hələ ki, şok səviyyəsində olmasa da, ciddi bir çaxnaşmanın iştirakçısı və şahidi olmaqdayıq. Bu yandan da neftin qiyməti sürətlə düşdü deyə lap “başımızı itirdik”. Gah valyuta dəyişmə məntəqələrinin, gah da marketlərin qarşısında izdiham yaratdıq. Bu marketləri başa düşdüm, amma əlində 250-300 manat pul ilə dollar almaq istəyənləri anlamadım. Onlar nəyə ümid edirlər?! Axı onlar onsuz da bir neçə gündən sonra manata ehtiyac duyacaqlar və əllərində olan 200-300 dolları yavaş-yavaş manata dəyişəcəklər və kurs fərqlərində pul itirəcəklər.
Siyasətçilər, iqtisadçılar, sosioloqlar, psixoloqlar dedilər ki qorxmayın..., xalq dinləmədi, nazir, baş bankir, baş nazir dedi ki, narahat olmayın, hər şeyimiz var, insanlarımız güvənmədi. Bəs bizə kim deməlidir ki, onun sözünü eşidək və özümüzü məsələlərə adekvat aparaq?!
Bu koronavirus hər nədirsə sadəcə bir “xəstəlik”dir. Hər il adi qrip virusundan ölüm halı 1%-dirsə, COVİD-19-da 3-3,5%-dir. Nəzərə alsaq ki, hələ bu virusun vaksini “kəşf edilməyib”. Bu barədə ətraflı yazmağın da mənası yoxdur. Çünki bu barədə tibb adamlarından tutmuş neft mühəndislərinə qədər mütəxəssislər o qədər yazıblar ki, bu yazıları oxuyan adamlar “koronavirus elmlər doktoru” olublar artıq, lakin kütlə halında hərəmiz öz havamızdayıq, rasional ola bilmirik.
Lap əvvəl bu virus lağ obyektinə çevrildi, daha sonra gördük ki, yox ee, gəlir, başladıq maska-spirt məsələləri üzərindən söyüş-qarğış etməyə, daha sonra gördük ki, COVİD-19 “dünyanı alıb ağzına” onda da başladıq öz fantaziyamızı işə salıb ordan-burdan səs yazıları qurub-qoşub votsapda və digər sosial şəbəkələrdə paylaşmağa, daha sonra isə supermarketləri tar-mar edərək “üçüncü dünya savaşına” hazırlaşmağa girişdik. Az qala hər yaşayış binasının altında bir supermarket(market, mini market yox haaa, supermarket) olduğu halda makaron-düyüləri alıb evə doldurmağa başladıq.
Heç bir mərhələdə özümüzü problemə adekvat aparmadıq!!! Təəssüf, min təəssüf!
Biz öz ölçüsünə görə dünyanın varlı ölkələrindən sayılırıq. Məncə varlı dövlətin vətəndaşları kimi acından ölmərik!
Bizim ölkəmizin əhalisinin 99%-i savadlı sayılır. Eyni zamanda bizim orta və daha yüksək yaşlı əhalimiz sovet təhsil sistemində oxumuşlar. Hansı ki, bizim ağsaqqallar və ağbirçəklər bununla həmişə fəxr ediblər. Bu fundamental təhsilin filtrindən keçmiş nəslin nümayəndələri necə olur ki, XXI əsrin informasiya bolluğunda düzü-əyridən ayırd edə bilmir. Deyək ki, bunu bacarmırlar, deyək ki, milli mütəxəssislərimizə güvənmirlər, rəsmi şəxslərə, dövlət nümayəndələrinə etibar etmirlər, bəs axı bu barədə rus mütəxəssislərindən tutmuş taaa çili mütəxəssislərinə kimi böyük əksəriyyət deyir ki, COVİD-19-un digər xəstəliklərdən fərqi odur ki, onu babat “reklam” ediblər. Bu barədə, statistik məlumatlar, təhlillər hazırlayaraq and-amanlar edirlər ki, qorxmayın, təlaşlanmayın. Təmkinlə bu xəstəliyin də öhdəsindən gələcəyik.
O ki qaldı bunun “görünməyən” tərəfinə, hansı ki, bu barədə daha çox aşağıdakı mövzulara cavabdan sonra aydınlıq gətirmək olar:

- Birləşmiş Krallıq Brexit edən kimi koronavirus “anadan oldu”!;
- Necə oldu ki, bu virus Çində doğuldu, amma Çinin ətrafında yaman gündə olan, elə adi halda epidemiya yaşayan dövlətlərdən sıyrılıb çıxaraq gəlib İranı yaman günə qoydu? Yəqin ki deyəcəksiz bəs İtaliya? Məncə İtaliya ya “çujoy paxmel getdi”, ya da “pod otkoz” qoydular ki, şübhələr çox olmasın! Amma bəzi real əsaslar da vardır.(Deməli illər öncə italyan sahibkarlar dəri və tekstil şirkətlərini çinlilərə satıblar. 90-lardan etibarən Çindən İtaliyaya 10 minlərlə ucuz işçi qüvvəsi gəlib. Təkcə Toskana bölgəsində 50 mindən çox çinli yaşayır və işləyir. Onların böyük əksəriyyəti Wuhan və Wenzhou əyalətlərindən gəlmiş işçi qüvvəsidir. Bayram tətilində Wuhandan olan çinlilər öz ölkələrinə gediblər. Məntiqi nəticəsi də göz qabağındadır. Qayıtdıqdan sonra İtaliyanı Wuhana "çevirdilər." Amma Fransa və İngiltərə də çinlilərin bol yaşadığı Avropa ölkələridi. Bəs niyə məhz İtaliyada vəziyət bu qədər ağırdı? Dünyada Yaponiyadan sonra qocaların çoxluq təşkil etdiyi 2-ci ölkə İtaliyadır. Avropada isə ən "yaşlı" ölkədir. Virusa yoluxub ölənlərin də bir xeylisi sağlamlıq problemi olan yaşlılardır. Bir başqa səbəb italyanların küçələrdə çox olması və digər xalqlara nisbətən daha çox fiziki təmasda olmalarıdır. Professor Della Giusta deyir ki, ictimai yerlərdə italyan fərdləri arasındakı məsafə məsələn Britaniyada olduğundan daha qısadır. Bir-birlərinə çox yaxın məsafədən danışırlar, iş görürlər və s. Bu italyanlara xas olan "toxunma mədəniyyəti"ndən (tactile culture) qaynaqlanır. Son səbəb isə hökumətin təhlükəsizlik tədbirlərinə gec başlaması göstərilir. İnsanlar da məsələni ciddiyə almadılar. Lombardiyada məktəblər bağlanan kimi valideynlər evlərinə qapanıb vəziyyətin stabilləşməsini gözləmək əvəzinə uşaqları da götürüb tətilə getdilər. Bu da virusu geniş yayan səbəblər sırasındadır-Rahil Kərimov)
- Dünya Səhiyyə Təşkilatı da bu yandan peyvənd şirkətlərinin “əlinə oynayaraq” pandemiya elan elədi. Xeyirdimi? Axı bundan qabaq quş qripi, donuz qripi, EBOLA zamanı səhv etmirəmsə belə bir təlaş yox idi axı. Özü də “Ebola”da ölüm dərəcəsi ölkələr üzrə 25-90% arası dəyişirdi!!! Eboladan 12 min insan həlak olmuşdu, lakin “pandemiya söhbəti” olmadı. Bəlkə o viruslar bu virusun gələcəyinin “xəbərçisi” idi?
- Çox maraqlıdır ki, heç bir mətbuatda və sosial mediada koronavirusdan sağalmış 74 min insandan biri haqqında bir material verilməmişdir. Həmin şəxslər “öz təcrübə”lərini ictimaiyyətə açıqlamamışdır. Maraqlıdır, deyilmi?!
- Bu virus dünyada “Çin düşmənçiliyi”nin əsasını qoydu. Artıq bu virus olan ölkələrdə Çinə və çinlilərə qarşı patoloji nifrət duyğuları yaranmağa başlamışdır.

29 dekabr 2019-cu ildən bu günədək dünyada 140 ölkədə bu virus aşkarlanıb. 150.000 nəfərdən bir qədər çox adam bu virusa yoluxub, 5700-ədək insan virusun qurbanı olub, 74.000 insan bu virusdan sağalıb.
Quru rəqəmlər ilkin baxışdan qorxudur. Lakin bir az da müqayisə edək: bu qrip 81% yüngül formada, 14% orta, sadəcə 5% kəskin formada özünü göstərir. Kəskin pnevmaniyadan ölüm faizi 10%, COVİD-19-da isə cəmi 3,4 % olmuşdur. 50 yaşdan aşağı ölüm halı isə cəmi 0,2%-dir. 2018-2019-cu illər mövsümündə dünya üzrə qripdən ölənlərin sayı 34.200 nəfər olmuşdur. Bundan sonrasını hər kəs özü təhlil edə bilər məncə!

Artıq 10 ilə qədərdir millətə səslənərək deyirik ki, yediyiniz-içdiyinizə diqqət edin. İnsan nə yeyirsə elə odur. Hər bir xəstəlik insanın immun sisteminin zəifləməsi zamanı baş verir. İmmun sistemi isə zərərli qida məhsullarının qəbulu nəticəsində zədələnir və orqanizm istənilən viruslar üçün münbit vəziyyətdə düşür. Şəxsi gigiyenanıza diqqət edin, sağlam qidalarla qidalanın, vitamin və minerallarla immun sisteminizi gücləndirin və xoşbəxt olmağa çalışın...

“Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları”
İctimai Birliyi İdarə Heyətinin sədri
Emin Əliyev



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu