Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəliyevin foto-sərgisi keçiriləcək
18 fevral 2020-ci il tarixində saat 19.00-da Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəliyevin "SPEKTRUM" adlı fərdi foto-sərgisi açılacaq.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi gənc fotoqraflara dəstək olmaq, foto nümunələrini geniş ictimaiyyətə təqdim etmək, onları tanıtmaq məqsədi ilə mütəmadi olaraq peşəkar və həvəskar fotoqraflar arasında müxtəlif sərgilər və müsabiqələr təşkil edir.
Əsasən sənədli, təbiət, portret, astrofotoqrafiya və tarix fotojanrlarına üstünlük verən 1993-cü il təvəllüdlü Xaliq Vəliyev Şəmkir rayon sakinidir. Rayonun Regional Mədəniyyət İdarəsində və Azərbaycan Skautlar Assosiasiyasında könüllü fotoqraf kimi fəaliyyət göstərən Xaliq "Baku Photo" və "Azərbaycanım" adlı fotomüsabiqənin finalçılarından olub. Bundan başqa o, 2019-cu ildə YUNESKO-nun 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən ''İpək yolu gənclərin gözü ilə'' adlı beynəlxalq fotosərgidə yayımlanan ''Gənc musiqiçi'' adlı portretlə Azərbaycanı təmsil edib.
Sərgi 1 mart tarixinədək davam edəcək.